Hanna Bardelin təyinatına ziddiyyətli reaksiya

Hanna Bardelin təyinatına ziddiyyətli reaksiya
Avropa Şurası Parlament Assambleyasının  Hüquq məsələləri və insan hüquqları komitəsində Azərbaycanda jurnalistlərə, hüquq müdafiəçilərinə təhdidlər mövzusu müzakirə edilib. Komitə məsələni araşdırmaq və hesabat hazırlamaq üçün Böyük Britaniyadan deputat Hanna Bardeli məruzəçi təyin edib.
Deputat Hanna Bardel növbəti iki il ərzində məsələni araşdıraraq Avropa Şurası Parlament Assambleyası üçün ətraflı hesabat hazırlamalıdır.
2019-cu ilin yanvarın 22-də AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi təyin edilib. Lakin sonra  İrlandiyadan olan bu deputat Sunna Torhildur Evarsdottir Rusiya üzrə məruzəçi təyin olundu.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov Turan-a bildirib ki, Avropa Şurasının Parlament Assambleyası Azərbaycana qarşı dəfələrlə qərəzli mövqe nümayiş etdirib: «1949-cu ildə Avropa Şurası yaradılarkən onun əsas missiyası müəyyən edildi ki, o, Avropa qitəsində təkcə millətlərin və xalqların deyil, hətta bir vətəndaşın belə hüquqların keşiyində dayanmalıdır. Amma təəssüf ki, biz Ermənistan işğalçı siyasətinin nəticəsində 30 il ərzində torpaqlarından qovulmuş bizim qaçqın və məcburi köçkünlərimizin hüquqlarının müdafiəsi ilə bağlı heç bir addımı müşahidə etməmişik».
Deputatın sözlərinə görə, ermənipərəst siyasi dairələrinin dəstəyi nəticəsində yenə AŞPA-nın ayrı-ayrı parlamentariləri Azərbaycana qarşı qərəzli mövqedə dayanıblar: «Avropa Şurasının məlum Hüquq məsələləri və insan hüquqları komitəsində güya ki, Azərbaycanda söz və azadlığı boğulur, güya ki, Azərbaycanda jurnalstlər azad söz ifadə etməyə imkanından məhrumdurlar tipli müzakirələr aparmaq və bunu nəzərə alıb xüsusi məruzəçini təyin etmək Azərbaycana qarşı siyasi təzyiqdən başqa bir şey deyil».
O qeyd edib ki, Azərbaycan əhalisinin 80 faizindən çoxu sosial media istifadəçisidir: «Bu da o deməkdir ki, əhalinin 80 faizindən çoxu istənilən məlumat alıb, öz fikrini yaza bilir. Bizim sosial şəbəkələrdə təkcə öz fikrini yazmaq yox, şərəf və ləyaqətini alçaltma, işgüzar nüfuzuna xələl gətirmə halları baş verir və bunu edənlər cəzasız qalırlar. Avropa Şurasında bundan da danışsınlar».
Komitə üzvünün fikrincə, xüsusi məruzəçinin təyin edilməsi Azərbaycana təzyiq etmək üçün siyasi manipulyasiyadır:«Biz bunu qəbul etmirik. Hesab edirik ki, bu, Ermənistan siyasətçilərin sifarişidir. Belə addımları biz dəfələrlə görmüşük və bizim immunitetimiz də var, biz güclü dövlətik. Bizə bu cür təzyiq etməklə tutduğumuz demokratik inkişaf yolundan bizi döndərə bilməzlər».
Hüquq müdafiəçisi Anar Məmmədli isə "Azadlıq" radiosuna bildirib ki, bu məruzəçinin təyinatı gecikib: «Çünki bu məsələ  2021-ci ildə qoyulmuşdu və 2022-ci ildə komitəyə tapşırılmışdı. Uzun müddətdir ki, bu vəzifə boş qalmışdı. Təyinat gecikdi, çünki gələn il hesabat hazırlanmalıdır, vaxt azdır və bu işi bir az çətinləşdirir».
Onun sözlərinə görə, hesabat çox əhatəli, obyektiv və reallığı əks etdirən formada olmalıdır: «Onun üçün məruzəçinin həm Azərbaycan höküməti ilə çox işləməsinə və ölkəyə gəlməsinə ehtiyac var. Hökümət isə belə təyinatlara çox etinasız yanaşır və bəzi hallarda maneələr yaratmağa çalışır».
Ekspert hesab edir ki, hesabatların təsiri olur: «Düzdür, deməzdim ki, çox ciddi şəkildə situasiyanı dəyişir. Amma təsirləri olur. Hökümət siyasi məhbusların olmasını, jurnalistlərə, vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı tənqidlərini qəbul etmir. Belə hesabatlar olanda, onlar beynəlxalq platformalara çıxarılır və müzakirələrə səbəb olur. Bu cür sənədlərin təsiri hökümətin məsələyə nə dərəcədə siyasi iradə ilə yanaşmasından asılıdır».  
Məmmədli qeyd edib ki, Azərbaycan AŞPA-nın monitorinqi altında olan ölkədir: «Azərbaycan 10 ölkələrdən biridir ki, hüquq və azadlıqlarl məsələsində öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi ilə bağlı problemləri var. Monitorinq altında olan ölkələrdə bu problemlərin araşdırılması üçün belə pozisiyaların yaradılması çox təbiidir».
Hüquq müdafiəçisinin fikrincə, problem olduqca dərindir: «Azərbaycanda illərdir ki, media mənsubları təzyiqlərə məruz qalırlar, onların fəaliyyəti məhdudlaşdırılır. Ölkədə faktiki olaraq media üçün reklam bazarı məhdudlaşdırılıb, qeydiyyatla bağlı yeni qanun bürokratik əngəllər yaradır. Hüqüq müdafiəçilərlə bağlı da situasiya eynidir, qeydiyyatdan keçməyən təşkilatlar var, qeydiyyatdan keçənlərin isə rahat şəkildə fəaliyyət göstərməyə isə imkanları məhduddur».
Gundelik-Baku.Org