“Mənə zəng etdilər ki, Hüseyn ölüb” – Reabilitasiya “işi”

“Mənə zəng etdilər ki, Hüseyn ölüb” – Reabilitasiya “işi”
Bakı Ağır Cinayətlər Məhkəməsində Novxanıda, bağlar massivində yerləşən, narkomaniya və alkoqolizmdən xilas olmaq istəyənlər üçün “New Life” Reabilitasiya Mərkəzinin sahibi Orucəli Əliheydərovun və Mərkəzin daha bir neçə işçisinin məhkəməsi davam etdirilib.
“Yeni Sabah” xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə Elvüsal Hüseynov, Famil Rzayev, Qənbər Həsənov və Sərxan Əliyev Mərkəzin sahibiylə əlbir olaraq yaxınları tərəfindən müalicə üçün oraya yerləşdirilən narkomanlara əzab verməkdə təqsirləndirilirlər.
Prosesdə təqsirləndirilən şəxslər onlara ünvanlanan sualları cavablayıb. 
Təqsirləndirilən şəxs Orucəli Heydərov ifadəsində bildirib ki, o, 13 il narkotik aludəçisi olub və 2018-2019-cu illərdə Maştağada yerləşən “Yeni Nəsil” Reabilitasiya Mərkəzində müalicə alıb: “Müalicə sonrası Nabrana getdik. Orada işləməyə başladıq. Bir müddət işlədik, sonra reabilitasiya dağıldı. Uşaqlar çöldə qalmasın deyə, Bakıda “Aquapark”a gətirdim. Ancaq xərci çox idi. Daha sonra Qubaya getdik. 1 həftə qalandan sonra Novxanıda ev kirayələdim. Evdə bir tək stol var idi. Əşyalar aldıq, evi doldurduq. İşlədikcə ikinci ev də tutduq. İlk dəfə Amerikada yaradılan “12 addım” müalicə üsulunda istifadə edirdik. 
Azərbaycanda 10 Reabilitasiya Mərkəzi varsa, 8-i bizim xəstələrindir. Müəyyən vaxt sonra Rafiq kişi zəng eləmişdi. Dedi görüşək, Yasamalda “Da Vinçi”-nin (Yasamal Hospital) qarşısında görüşdük. Sorğu-sual elədi, mənə problemi dedi. Dedi oğlumu gətirmək lazımdır. Razılaşdıq. Gətirəndən sonra Hüseyn yavaş-yavaş sağalmağa başlayırdı. Ayın 3-ü Elvüsalın ad günü idi. Heyvan kəsdik, qeyd etdik. 
Axşam Elvüsal maşınımı götürdü, ustaya apardı. Səhəri gün İsrafil, Fərhad və Turalla şəhərdə çörək yedik. Elgiz adlı tanışımın maşını ilə ustaya getdim. Gördük iş uzanır, mərkəzə gəldik. Sonra mərkəzdən zəng gəldi ki, narahatlıq var. Dedim Elvüsala zəng et, mən də gəlirəm. Həkim göndərdik, Rafiq kişiyə zəng elədim ki, gəl. Bir müddət sonra zəng elədilər ki, həkimə aparmaq lazımdır. Yolda idim. Yenə yığdılar, dedilər, Hüseyn ölüb. Dedim, necə yəni? Sağlam adam necə ölüb? Polisdən zəng elədilər ki, reabilitasiyaya gəl”.
Dövlət ittihamçısının “Ekspertiza rəyində Hüseynin qanında narkotik aşkarlanıb. Reabilitasiyada necə olub ki, narkotik istifadə edib?” sualına cavab olaraq Orucəli Heydərov deyib ki, xəbəri yoxdur: “Müstəntiq dedi narkotikdən ölüb. Dedim, belə bir şey ola bilməz. Mənə bu gün də maraqlıdır ki, narkotiki haradan alıb? Kimdir ayağımızın altını qazan”.
Dövlət ittihamçısı: “Qollarının bağlı olması və asılı vəziyyətdə saxlanılması ilə bağlı nə deyə bilərsən?”.
Təqsirləndirilən şəxs: “Elə bir göstəriş verməmişəm, orada deyildim, xəbərim yoxdur”.
Daha sonra Orucəli Heydərov zərərçəkmiş şəxsin atası Rafiq Məmmədov suallarını cavablandırıb. O, Rafiq Məmmədovun “ Gördün “peredoz”dur, niyə müalicə etmirdiniz? Dərmanlar var, onları istifadə etməklə xəstəni sağaltmaq mümkündür” sualına cavab olaraq deyib ki, belə bir halla qarşılaşmayıblar: “Bizə gələnlər qanı təmiz gəlirdi. Belə hal olmayıb”.
Hüseyn Məmmədovun atası Rafiq Məmmədov bildirib ki, Hüseyn Məmmədov öldürülərkən kamera görüntülərini əldə edib. Həmin görüntüləri onlara mərkəzin İsrafil adlı əməkdaşı versə də, hadisədən sonar həmin şəxs də öldürülüb.
O, Rafiq Məmmədovun “Hüseynin əllərindən asılması komandası vermisiniz” iddiasına cavab olaraq deyib ki, bu komandanı yalnız hadisə günü növbədə olanlar verə bilərdi: “O göstərişi mən verməmişəm”. 
Vəkilin “videogörüntülərdə reabitantları əşya ilə vurduğun görünür” sözlərinə cavablayaraq Orucəli Heydərov deyib ki, bunlar idman edərkən olan görüntülərdir  və “zarafat” məqsədi ilə vurur. 
Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin olunub.
Qeyd edək ki, ittihama görə, adıçəkilən müəssisədə narkomaniyadan müalicə olunan şəxslərə xüsusi işgəncələr verilməsi faktları aşkarlanıb. Hadisə nəticəsində narkomaniyadan əziyyət çəkən Hüseyn Məmmədov işgəncələrdən həyatını itirib. Digər üç nəfər-Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev zərərçəkmiş zərərçəkmiş qismində tanınıb.
“New Life” Reabilitasiya Mərkəzi Binəqədi rayonu, Novxanı qəsəbəsindəki bağlar massivindəki evlərdən birində yerləşib. Araşdırmalar zamanı məlum olub ki, xeyli vaxt reklamı gedən, pasiyentlərin gəldiyi mərkəzin ümumiyyətlə, lisenziyası yoxdur. Bu üzdən təqsirləndirilən 5 nəfərdən üçünə - Orucəli Əliheydərov, Elvüsal Hüseynov və Famil Rzayevə başqa maddələrlə yanaşı, həm də qanunsuz sahibkarlıq ittihamı verilib. Qalan ikisi – Qənbər Həsənov və Sərxan Əliyev də daxil olmaqla, 5 nəfərin hamısı, əzab vermə, qanunsuz azadlıqdan məhrumetmə kimi əməllərdə suçlanır.
Cinayət işinin materiallarında göstərilib ki, “New Life” Reabilitasiya Mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb. Reabilitasiya prosesində bütün dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından yararlanıblar. Mərkəzdəki qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib.
İttihama görə, Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutub döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Prokurorluq tərəfindən aparılan araşdırma nəticəsində saxlanılan beş nəfər Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər.
Gundelik-Baku.Org