“Pulu verəndən sonra Səbuhidən xəbər ala bilmədim“ - 340 minlik cinayət

“Pulu verəndən sonra Səbuhidən xəbər ala bilmədim“ - 340 minlik cinayət
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəbin məhkəmə prosesi keçirilib.
“Yeni Sabah” xəbər verir ki,  hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə ifadə verən zərərçəkmiş Günay Əliyeva bildirib ki, Səbuhi Rəcəbə pulu 2022-ci ilin martında iş yoldaşı İbrahimov Eminin vasitəsilə verib: 
“Emindən xahiş etdim ki, pulu Səbuhiyə o versin.  “Semaşko”nun yaxınlığında yerləşən “Şiş Kabab” adlı restoranda görüşdük. Orada danışdıq və pulun ofisdə olduğunu dedim. 
Səbuhi dedi ki, pulu gətir, avtosalonun qarşısında görüşək. 30 min dolları Eminə verdim ki, Səbuhiyə versin. Mən də maşında gözlədim. Səbuhiyə pulu Emin verdi. Səbuhi demişdi ki, həmin pula kreditlə “Bentley” markalı maşın götürüb, maşını banka qoyub bankdan 150-200 minə qədər pul götürəcək. 
Pulu verəndən sonrakı günlərdə xəbər ala bilmədim. Pulu Emin verdiyindən, ona zəng edirdim. Açmadıqda evlərinə getdim. Sonra Səbuhi mənə zəng edib Eminin evinə getdiyim üçün məni təhqir etdi. Dedi ki, Emin pulu mənə verib. Cavabdeh mənəm. 
Nərimanov Rayon Polis İdarəsinə şikayət etdim. Emini çağırdılar. İfadəsində dedi ki, pulu Səbuhiyə yox, başqasına verib.  Gözlədim, polisdən xəbər çıxmadı. Sonra yaxınlarımla məsləhətləşib DİN-ə şikayət etdim. Emin İbrahimov DİN-də ifadəsində dedi ki, Səbuhi ona pulun 50 min yox, 28 min manat olduğunu deyib səhv ifadə verməsini tapşırıb. Sonra Səbuhi tutuldu və 2 ay sonra ev dustaqlığına buraxıldı. Yenidən şikayət etdim ki, mən pulumu almamışam axı”.
Məhkəmənin növbəti prosesi oktyabrın 10-una təyin olunub.
Qeyd edək ki, Səbuhi Rəcəb 3 nəfər şəxsin yalan vədlərlə 341 manatını mənimsəməkdə təqsirli bilinir. O, avtomobil alqı-satqısı ilə bağlı G. Əliyevadan 40 min, S. Əliyevadan 51 min manat alaraq qaytarmayıb. Əsas zərərçəkən şəxs isə, Səhiyyə Nazirliyinin dövlət həkimləri təkmilləşdirmə institutun cərrahiyyə kafedrasının müdiri Şahin Əliyevdir. Səbuhi Rəcəb əlaqələri vasitəsilə Şahin Əliyevi dövlət həkimləri təkmilləşdirmə institutuna rektor təyin edəcəyini deyərək onun 150 min manat pulunu mənimsəyib. 
O Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.
Gundelik-Baku.Org