Səlim Müslümovun məhkəməsindən: “Devalvasiya oldu, işləri batırdıq, biri öldü...”

Səlim Müslümovun məhkəməsindən: “Devalvasiya oldu, işləri batırdıq, biri öldü...”
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun məhkəmə prosesi keçirilib.
“Yeni Sabah” xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib. 
İlkin olaraq dindirilən şahid İbad İsmayılov bildirib ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez Zavodunda fəhlə işləyib. O deyib ki, Nazirliyin Tikilməkdə Olan Obyektlərinin idarə rəisi Natiq Əzizov onu yanına çağıraraq adına şirkətlər təsis etməyi təklif edib: “Mənim adımda hələ əvvəldən “Tala-Tikinti” MMC vardı. Onu özüm açmışdım, Natiq Əzizov dedi, gəl, adına daha iki şirkət də açaq.”
İbad İsmayılov ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, 22 layihə olub, keçirilmiş tenderlərdə bu layihələrin bir qismini həyat yoldaşı, bir qismini özü “qazanıb”. O, məhkəmədə həmin ifadəsini təsdiqləyib. Deyib ki, onu bu işlərə qoşan Natiq Əzizovla aralarındakı razılığa görə, hər fərdi evdən 6 min manat Natiq Əzizova gedib: “ Sonra devalvasiya oldu, işləri batırdıq, biri öldü, biri intihar elədi. Natiq Əzizov mənə ürək-dirək verdi ki, qorxma, sənə əlavə işlər veriləcək, itirdiklərin kompensasiya olunacaq. Sonra birtəhər vəziyyətdən çıxdım”. O bildirib ki, avadanlıqlarla birlikdə 41-42 min manata başa gəlmiş mənzillər 51 min manata rəsmiləşdirilib və bunun 6 min manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tikilməkdə Olan Obyektlərin idarə rəisi Natiq Əzizova verilib. İbad İsmayılov 22 ev tikdiyini, Natiq Əzizova iş otağında cəmi 132 min manat verdiyini bildirib. 
Növbəti şahid Şəkidə yaşayan İlqar Mustafayev olub. O bildirib ki, saatsaz olaraq fəaliyyət göstərir. İ. Mustafayevin sözlərinə görə, Nazirlikdə işləyən bir tanışı bir neçə il əvvəl ona sənədlər imzalatdırıb:  “Dedi, bu sənədlərə qol çək, mən də savadsız adamam, tutdum, çəkdim. Getdi, ondan sonra heç nə olmadı. 2021-də məni DTX çağırdı. Orda bilmişəm ki, sən demə şirkət sahibiyəm.” Şahid hakimin “Sahibi olduğunuz “Tunar M” MMC-nin şəhid ailələri üçün sifarişlə tikdiyi evlərdə də olmamısız?” sualına “Mən ev filan görməmişəm, heç nədən də xəbərim olmayıb” deyə cavab verib. 
Məhkəmənin növbəti iclası oktyabrın 3-nə təyin edilib. 
Qeyd edək ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2021-ci ilin  fevral ayında Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılmışdı. S.Müslümov Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvətalma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.
Gundelik-Baku.Org