Latviyada rus dili dərsləri qadağan edilə bilər

Latviyada rus dili dərsləri qadağan edilə bilər
Latviyanın Təhsil və Elm Nazirliyi 2026-2027-ci tədris ilindən məktəb şagirdlərinə ikinci xarici dil kimi rus dilini seçməyi qadağan etməyi planlaşdırır.

Delfi xəbər portalının məlumatına görə, Avropa İttifaqının (Aİ) rəsmi dillərindən biri Latviyanın bütün məktəblərində ikinci xarici dil kimi tədris olunacaq. Hökumətlərarası sazişlərlə tənzimlənən digər xarici dillər bu qaydadan çıxarılacaq. Rus dili Avropa İttifaqının rəsmi dilləri sırasında olmadığından və hökumətlərarası sazişlərdə göstərilmədiyindən, yeni təcrübə o deməkdir ki, rus dilinin məktəblərdə ikinci xarici dil kimi tədrisi qadağandır.

Bu gün Latviya məktəblərində birinci sinifdən ingilis dili ilk xarici dil kimi tədris olunur. İkinci xarici dil dərsləri dördüncü sinifdən başlayır. İkinci dil seçimi indiyə qədər heç vaxt qanunla tənzimlənmirdi. 2021-ci ildə aparılan araşdırmalar göstərib ki, ölkədəki məktəblərin demək olar ki, yarısında dil seçimi yoxdur və 300-dən çox məktəbdə ikinci xarici dil kimi yalnız rus dili tədris olunur.

Latviya Təhsil Nazirliyi planlaşdırılan dəyişikliklərin "gənclərin Avropa təhsil sahəsinə tam cəlb olunmasına töhfə verəcəyini” gözləyir.
Gundelik-Baku.Org