8 il əvvəl yoxa çıxan hərbi təyyarə 3400 metr dərinlikdə tapıldı

8 il əvvəl yoxa çıxan hərbi təyyarə 3400 metr dərinlikdə tapıldı
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 8 il əvvəl yoxa çıxan An-32 təyyarəsinin qalıqları Hindistan sahillərində üç kilometrdən çox dərinlikdə aşkar edilib.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarə 2016-cı il iyulun 22-də döyüş tapşırığı zamanı Benqal körfəzi üzərində yoxa çıxıb. Hava gəmisində 29 nəfər olub. Genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları zamanı nə itkin şəxsi heyəti, nə də təyyarənin qalıqlarını tapmaq mümkün olmayıb.


"Yer Elmləri Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Okean Texnologiyaları İnstitutu bu yaxınlarda itkin düşmüş An-32-nin məlum olan son yerinə dərin dənizdə kəşfiyyat imkanlarına malik avtonom sualtı aparat yerləşdirib", deyə nazirlikdən bildirilib.

Onlar dəqiqləşdiriblər ki, axtarışlar 3400 metr dərinlikdə xüsusi texnika vasitəsilə aparılıb. Əldə edilən görüntülər Çennai sahillərindən təxminən 310 kilometr aralıda dənizin dibində qəzaya uğrayan təyyarənin dağıntılarını göstərir. Görüntülərin təhlili təyyarənin qalıqlarının An-32 təyyarəsinə məxsus olduğunu göstərib.
Gundelik-Baku.Org