ABŞ elçisi Bakı və İrəvana səfər edəcək

ABŞ elçisi Bakı və İrəvana səfər edəcək
ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə yeni baş müşaviri Lyuis Bono gələn həftə Cənubi Qafqaza ilk səfərini edəcək.
Bunu Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib.
Bono Bakı, İrəvan və Tbilisiyə səfər edəcək və burada “Ermənistan və Azərbaycan arasında sülh prosesini və Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə davamlı öhdəliyimizi dəstəkləmək üçün” üç ölkənin ali rəhbərliyi ilə görüşməyi planlaşdırır.
Dövlət Departamenti gözləyir ki, bu səfər Bonoya fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında baş tutan dialoqu davam etdirməyə imkan verəcək.
N. Prays bildirib ki, Cənubi Qafqazın hər üç paytaxtında keçiriləcək görüşlər zamanı dövlət katibinin Qafqaz üzrə danışıqlar üzrə yeni baş müşaviri vurğulayacaq ki, “ABŞ Cənubi Qafqazda sülh, demokratik və firavan gələcəyin təmin edilməsinə sadiqdir".
2022-ci ilin avqustunda bu vəzifəyə təyin olunan Filip Riker 2023-cü il yanvarın əvvəlində ABŞ dövlət katibinin baş müşaviri vəzifəsini tərk edib. Blinken Lyuis Bononun təyinatını fevralın 1-də elan edib.
Gundelik-Baku.Org