Türkiyədəki zəlzələdə 2 inşaatçı tikdiyi binanın altında qaldı

Türkiyədəki zəlzələdə 2 inşaatçı tikdiyi binanın altında qaldı
Türkiyədə baş verən zəlzələdə 2 inşaatçı tikdiyi binanın altında qalaraq həyatını itirib.
Bu fakt zəlzələ ilə bağlı başladılmış araşdırmalar zamanı üzə çıxıb.
Belə ki, haqqında saxlanılma qərarı çıxarılan 67 inşaatçıdan ikisinin dağıntılar altında qalaraq öldüyü məlum olub.
Celal İ. "Sözel Apartmanı"nın, Halil İ. isə "Dündar Apartmanı"nın inşaatçısı olub və onların hər ikisi tikdikləri binada yaşayırmış.
Hələlik sözügedən binaların tikinti zamanı yol verilmiş səhlənkarlıqdan, yoxsa başqa səbəblərdən çökdüyü araşdırılır.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Təbii fəlakət zamanı 36 mindən çox insan həyatını itirib, 108 mindən çox şəxs yaralanıb. Dəhşətli hadisənin baş verməsindən 11 gün keçməsinə baxmayaraq, hələ də dağıntılar altında qalanlar, itkin düşənlər var.
Gundelik-Baku.Org