“Bu arxayınlıqları da Rusiya sülhməramlıları qüvvələrinin orada olması ilə bağlıdır” - ŞƏRH

“Bu arxayınlıqları da Rusiya sülhməramlıları qüvvələrinin orada olması ilə bağlıdır” - ŞƏRH
“Artıq 3-cü gündür ki, Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, fəal gənclər, qeyri-hökumət təşkilatları Şuşa-Xankəndi yolu istiqamətində etiraz aksiyası həyata keçirirlər”.
Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyaları ilə bağlıb açıqlamasında deyib.
“Hal-hazırkı vəziyyətdə yeganə tələb odur ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov onlarla görüşsün və öz etirazlarını yazılı və şifahi şəkildə onlara çatdırsınlar. Etirazın əsas motivi bəllidir. Bu da ondan ibarətdir ki, müvəqqəti dislokasiya zonasında ermənilər Azərbaycanın təbii sərvətlərini talan edirlər, ekoloji terror siyasəti həyata keçirirlər və buna son qoyulsun tələbini yerinə yetirmirlər. Bu arxayınlıqları da Rusiya sülhməramlıları qüvvələrinin orada olması ilə bağlıdır. Rusiya sülhməramlıları isə kənar müşahidəçi statusunda prosesləri izləyir və ermənilərin bu vandal hərəkətlərini, ekoloji terror siyasətini həyata keçirmək üçün münbit şəraitlə təmin edirlər. Bu səbəbdən Bizim etiraz edən gənlərimiz sözün həqiqi mənasında onlara mülki xüsusi təyinatlılar da demək olar. Onlar ortaya çox doğru tələblər ortaya qoyublar. Amma indiyə qədər də Andrey Volkov görüşə gəlməyib. Təbii ki, bu da çox ciddi narazılıqlara səbəb olur. Belə olduqda müxtəlif versiyalar ortaya çıxır; O niyə gəlmir? Onun bu cür davranışının səbəbi nədir? Bəlkə deməyə sözü yoxdur. Gəlib nə söyləyəcək? Onun rəhbərliyi altında - Rusiya sülhməramlı qüvvələrinin gözü qarşısında bu ekoloji terror siyasəti həyata keçirilirdi və biz də buna baxırdıq. Bunumu söyləyəcək? Yoxsa Rusiya Müdafiə Nazirliyindən “Get, onlarla danış” tapşırığı verilməyib? Daha hansı səbəblər var?

Deputat bildirb ki, gec-tez bu məsələ öz həllini tapacaq.
"Ermənilərin ekoloji terror siyasətini həyata keçirdiyi əraziyə bizim monitorinq qrupumuz da gedəcək. Onların bu vəhşiliyin qarşısı alınacaq. Amma məni narahat edən məsələ odur ki, bütün bu gördüklərimizin hamısı nəticələrdir. Söhbət səbəbdən gedir. Səbəb aradan qalxmayınca indi baş verən hadisələr 1,2, 3 bilmirəm, bəlkə də 6 ay sonra bu və digər formalarda təkrar olunacaq. İlk növbədə səbəb aradan qalxmalıdır. Səbəb nədir? Səbəb 10 Noyabr sənədinin 4-cü bəndidir. Həmin bənddə yazılıb ki, Rusiya sülhməramlıları qüvvələrini Qarabağa gəlişi ilə paralel qeyri-qanuni erməni hərbi birləşmələr çıxarılmalıdır. 4-cü bəndin bir hissəsi icra olunub, ikinci hissəsi isə 2 ildən çoxdur ki, icra olunmur. Onda nə etməliyik? Bütün diqqət ikinci hissəyə yönəlməlidir. Yalnız və yalnız tələb olunmalıdır ki, qeyri-qanuni erməni hərbi birləşmələri çıxarılsın. Çünki onlar çıxarılsaydı, bu gün baş verən özbaşınalıqlar baş verməzdi. Yox, əgər bu tələbimizi qulaqardına vuracaqlarsa, onda gəlin, 4-cü maddə məsələsini müzakirə edək. 4-cü maddə bizim nəyimizə lazımdır ki, onun bir hissəsi işləyir, ikinci hissəsi isə işləmir. 4-cü maddə bu halda aktuallığını itirir. Düşünürəm ki, daha çox diqqət 4-cü maddə və onun icrası məsələlərinə yönəlməlidir”.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Gundelik-Baku.Org