"Azərbaycanda sığınacaqların sayı ehtiyaclara uyğun gəlmir" - Komitə sədri

"Azərbaycanda sığınacaqların sayı ehtiyaclara uyğun gəlmir" - Komitə sədri
"Azərbaycanda faəliyyət göstərən sığınacaqların sayı ehtiyaclara uyğun gəlmir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Komitə sədri bildirib ki, sığınıcaqların sayındakı çatışmazlıqların həlli üçün aidiyyəti qurumlarla iş görülür: “Hazırda bütün iqtisadi rayonlarda krizis mərkəzlərinin yaradılması istiqamətində işlər başlayıb. Artıq Bakıda bir sığınacaq açılıb, ikisinin də yaxın zamanlarda regionlarda açılması gözlənilir. Ümumilikdə, ölkədə 9 yardım mərkəzi var. Hazırda işləyənlərin 8-i qeyri-dövlət müəssisəsi, biri isə dövlətdir. Onlardan üçü sığınacaq xidməti göstərir. Onlardan biri də Gəncədədir. Onların çarpayı sayı məhduddur. Ona görə də yaxın zamanlarda bunu həll edəcəyik”.  
B.Muradova əlavə edib ki, azad edilən ərazilərdə müasir tipli iki ailə mərkəzinin tikintisi nəzərdə tutulub: "Bu, 2023-2026-cı illərdə həyata keçiriləcək. Eyni zamanda, Bakı-Masallı- Xaçmaz olmaqla investisiya proqramında 3 ailə mərkəzinin açılması planlaşdırılır. İlkin olaraq həmin mərkəzlərin nəzdində məişət zorakılığına məruz qalanları qəbul etmək üçün məntəqələr olacaq. Bunu müvəqqəti sığınacaq kimi qəbul etmək olar. Bunun bütün iqtisadi rayonlarda açılması ilə bağlı məsələ qaldırılıb".
Gundelik-Baku.Org