“Dərmanın 200 ml-si 3 min 200 manatdır”

“Dərmanın 200 ml-si 3 min 200 manatdır”
Əməkdar artist Tünzalə Əliyevanın müalicəsi üçün lazım olan “Ağıllı dərman”ların qiyməti olduqca bahadır.
Bu barədə OLAY-a sənətçinin özü açıqlama verib. O bildirib ki, bu dərmanların təsirini bilmək üçün onlardan 6 dəfə qəbul etməlidir:
“Hələ heç nə deyə bilmərik. Çünki həmin “Ağıllı dərman”lardan azı 6 dənəsi vurulmalıdır ki, sonra MRT olunsun. Dünən şüaya da başladıq. İnşallah düşərli olar. Gərək xəstəlik elə həddə çatsın ki, o dərmanlar vurulsun. Hər xəstəlikdə və dərəcədə onu vurmaq olmur. Bu dərmanlar Azərbaycana çox gəlmir, baha olduğu üçün 1 və ya 2 ədəd gətirilir.
Mən də sifariş vermişdim, bəxtimdən elə oldu ki, Zaur (aparıcı Zaur Baxşəliyev) tapa bildi. Gərək 10 gün əvvəldən sifariş verilsin. Dərmanın 200 ml-si 3 min 200 manatdır. Zaur aldığının biri 100 ml idi, ikisini birləşdirib vurduq. Dünəndən ürəkbulanmalaırm, qaytarmalarım olub. Bu da şüa ilə əlaqəlidir. Çünki yüksək doza qəbul edirəm, professorlar yeni formada işləyirlər ki, daha çox effektini görək”.
Sənətçi bildirib ki, müalicəsi üçün evini satışa çıxarsa da, alıcılar az pul təklif edirlər:
“Evimi satışa qoymuşam, gəlib baxıblar. Çox az pul verirlər, 60, ya da 65 min manat deyirlər. Onu dərmanlara verib, qalanı ilə bir otaqlı ev də ala bilmərəm. Bu ağır durumda kirayələrdə necə qalacam? Satdığım evin içindəki əşyaları hara qoyacam? Bax, belə ortada fikirləşə-fikirləşə qalmışıq”.
Gundelik-Baku.Org