"Ölkədə əczaçılığı alverə döndəriblər" - Həkim-ekspertdən AÇIQLAMA

"Ölkədə əczaçılığı alverə döndəriblər" - Həkim-ekspertdən AÇIQLAMA
Son günlərdə ölkədə bəzi dərmanlar yoxa çıxıb. Bəzi dərmanların isə istehsalçı ölkədəki qiyməti ilə Azərbaycanda satıldığı qiymət arasında ciddi fərq ortaya çıxıb. Bu məsələ Milli Məclisdə də müzakirə olunub.
Məsələ ilə bağlı açıqlama verən həkim-ekspert Müşfiq Hüseynov dərmanların ölkəmizdə qiymətinin baha olmasının səbəblərindən danışıb: 
"Dərmanların qiymətinin baha olmasının ilkin səbəbi Tarif Şurasının tətbiq etdiyi vahid qiymət sistemidir. Vahid qiymət sisteminin tətbiqi zamanı inkişaf etmiş ölkələrin dərman istehsalçılarının məhsullarına orta qiymət müəyyən etdilər. Müəyyən olunmuş qiymətdən yuxarı satışa icazə vermədilər. Bu da onunla nəticələndi ki, bazarda yalnız aşağı seqment dərmanlar qaldı. Yəni, Rusiya, Çin, Hindistan və s. ölkələrin dərmanlarının satışı həyata keçirildi. Ölkəyə dərman gətirmək problem deyil, problem onu bizim bazarda satmaqdır. Bunun səbəbi isə Tarif Şurasının yalnış qiymət siyasətidir.
Azərbaycanda dərman qiymətlərinin baha olmasının digər səbəbi depoların və apteklərin dərmanların qiymətindən pul götürməsidir. Belə ki, depolar 25 faiz, apteklər isə 15 faiz dəyər götürürlər. Bu da ümumilikdə 40 faiz qiymət artımı deməkdir. Əgər mən dərman gətirib onu 10 manata satıramsa, həmin məbləğim 2 manat 50 qəpiyini depo götürür. 
Növbəti səbəb isə həmin şirkətlərdə çalışanlarla bağlıdır. Onların xərclərini də hesablasaq, dərmanlar bu qiymətə gəlib çıxır. 
Bunun qarşısının alınması üçün isə ilk növbədə yerli istehsal təşkil etməkdir. Bunun üçün isə fabrik qurmağa ehtiyac yoxdur, çünki bunun üçün nə bizim infrastruktur uyğundur, nə də normal kadr potensialı var. Kimya-biologiya sahəsində yaxşı mütəxəssislərimiz yoxdur. 
Nəticədə yeganə bizə yaxın olan ölkələri istehsal üçün Azərbaycana buraxmaqdır. Yəni, gəlib burada fabrik açsınlar, Azərbaycanı dərmanla təmin etsinlər və ölkəyə vergi versinlər. Təmin etdiklərindən əlavə miqdarı isə eksport etsinlər. Son illərdə TƏBİB və İqtisadiyyat Nazirliyi bu sahədə ciddi işlər görürlər. Onlar hər şey edirlər ki, ölkəyə dərman istehsalçısı gəlsin.
O ki qaldı Türkiyədəki dərmanın Azərbaycanda 3-4 qat bahasına satılmasına, həmin dərmanın qeydiyyatı yoxdur. Kənardan gələn dərmandır, xərcləri çoxdur. Yəni, əczaçılıq alverə dönüb", - deyə o bildirib.
Gundelik-Baku.Org