"Aygünə xatir susmaq istəyirdim, amma..."

"Aygünə xatir susmaq istəyirdim, amma..."
"Aygünə xatir susmaq istəyirdim. Görürəm ki, yox, susduqca, boşboğazların fantaziyası genişlənir. Aygünü 25 ildən çoxdur tanıyıram. Aramızda heç vaxt inciklik olmayıb və bunu bütün sənət aləmi bilir. Hər zaman can deyib, can eşitmişik. Həyatının müxtəlif məqamlarında baş verən ağır hadisələrdə ailəlikcə yanında olmuşuq".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Səmədzadə mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı paylaşımında yazıb. Bəstəkar müğənni ilə küsülü olmaları iddialarına cavab verib:

"O da bizə qarşı hər zaman hörmətcil olub, bir sözümü iki etməyib. Çünki mən onun, o mənim sənət ünvanlarımı yaradanlardan biridir və inanmıram ki, Aygünün səsini məndən artıq sevən olsun. O mənim "Tut ağacı"mdır. 2018-ci il konsertim ərəfəsində Aygün özünü yaxşı hiss etmirdi. Özünə qapanmışdı, məşqlərdə iştirak etmirdi, xəstə idi. Orkestr "Tut ağacı"mı məşq etməli idi və buna görə Aygün gəlməsə, mahnının taleyi necə olacaq deyə son məşqdə maestro Teymur Göyçayevlə məsləhətləşib Kamilə Nəbiyevanı dəvət etdik. Konsert günü, hazırlıq zamanı bildirildi ki, Aygün gəldi və biz tamaşaçılara sürpriz etdik. Mikrafonu Aygünə verdik və onun zaldan səhnəyə gəlməsini hazırladıq. Həqiqətən çox təsirli və gözəl səhnə alındı.

Bunlar düşünülməsəydi sizcə, zala mikrafon verilərdi və ya konsertin operatorları Aygünün səhnəyə gəlişini yaxından çəkə bilərdi? Və yaxud mən onu sevərək bağrıma basardım? Niyə ağzınıza gələni yazırsınız? Niyə nə diriyə, nə ölüyə hörmət qoyursunuz? Aygün Bəylər çox qürurlu və ağır xasiyyətli insan idi. Özünə və sənətinə hörməti var idi və heç bir zaman dəvət edilməyən yerə getməz və oxumazdı. O konsertə dəvətli idi və biz bu görüntünü planlı yaratmışdıq. Sadəcə bəzi "saytlar" bunu tərsinə göstərmək istədi və təəssüf ki, neqativ yaratmaq istəyinə nail oldular. Küsülü olsaydıq, Aygün mənim sonra keçirilmiş konsertlərimə də, evimdə çəkilən verilişlərə də gəlməzdi. Ara qatanlar, sənətdən, sənətkardan bixəbərlər.

Sizə "Tut ağacı", "Darıxdım", "Məktəb illəri", "Bakı haqqında nağıl", "Bu dünyanı nağıl bilək", "Gecikmiş etiraf" yüzlərlə gözəl əsərlər verdik. Siz bizə neqativdən başqa nə ötürdünüz? Allah sizi şər-böhtan və yalanlarımızla imtahan etsin. Ölənlərin ruhunu incitməyin, dirilərdən əl çəkin. Açın konserti bir də baxın".

Bəstəkar şərhdə onu tənqid edənləri məhkəmə ilə hədələyib:

"Komentlərdə yalan məlumatlar yazanlar haqda ölçü götürüləcək. Şəxsiyyətimə toxunan neqativ rəylər sənədləşdirilir"
Gundelik-Baku.Org