Azərbaycanda evdar xanımlara pensiya verilə bilər?

Azərbaycanda evdar xanımlara pensiya verilə bilər?
“Azərbaycanda belə bir praktikanın tətbiqi mümkündür, çünki ölkənin maliyyə vəziyyəti buna imkan verir. Ona görə də ən yaxşı təcrübələri öyrənərək, tətbiq edilməsi doğru olar”.
Bu sözləri Kommersant.az-a iqtisadçı Natiq Cəfərli "gələcəkdə evdar qadınlara təkcə yaşa görə yox, həm də evdəki fəaliyyətini nəzərə alıb pensiya verilə bilərmi" sualını cavablandırarkən deyib.
Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda yaşa görə pensiya var, amma bunun məbləği aşağı olduğuna görə insanları qane etmir:
“Bu yanaşma evdar xanımları, ailə vəziyyətinə, uşaqlara, müəyyən başqa problemlərə görə zamanında özünü işlə təmin edə bilməyən insanları qane etmir. Ona görə də belə bir praktikanı dünya ölkələrində də mövcudluğunu nəzərə alsaq, müsbət təcrübələr öyrənilə, Azərbaycanda da tətbiq edilə bilər”.
İqtisadçı əlavə edib ki, bəzi ölkələrdə evdar xanımların ailə problemləri ilə məşğul olduqları iş stajı kimi hesablanır. Qanuna müvafiq olaraq da yüksək təqaüdə çıxmaq şansı yaranır.
Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd edib ki, indiki cəmiyyət olduqca mürəkkəb cəmiyyətdir. Burada bir tədbir görməklə hansısa problemi həll eləmək mümkün deyil:
“Lakin qadınlara evdarlığa görə gələcəkdə pensiya verilməsi düzgün haldır. Bu, mütləq həyata keçirilməlidir. Çünki onlar vətən üçün övlad böyüdür, həyat yoldaşlarına öz işlərində daha yaxşı fəaliyyət göstərmək üçün kömək edir. Bunları öz əyələncələri üçün etmirlər, ölkə üçün edirlər. Buna görə də evdar xanımlara pensiya verilməlidir. Bunun özü belə daha çox uşaqların doğulmasına stimul verən səbəblərdən biridir”.
Əhməd Qəşəmoğlu əlavə edib ki, məsələ təkcə bununla bitmir.
“Başqa məsələlər də həll olunmalıdır. Məsələn, zəngin ailələr var ki, onların pulu olsa da, çox uşaq dünyaya gətirmək istəmirlər. Ona görə də maarifləndirmə işləri aparılmalıdır. Sadəcə pul verdim, iş bitdi demək olmaz. Onların bir insan kimi cəmiyyətdə də rol oynamasına şərait yaratmaq, asudə vaxtı keçirtmək üçün maraq kursları təşkil etmək lazımdır. Cəmiyyət də bunları da tələb edir. Ona görə də kompleks tədbirlər olmalıdır”.
Qeyd edək ki, heç bir vaxt əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərə, evdar qadınlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə (pensiya yaşına) çatdıqda işləmədikləri üçün pensiya deyil, yalnız yaşa görə ömürlük müavinət verilir.
Gundelik-Baku.Org