Yeni dəyişikliklər pensiyaçılar üçün nə vəd edir?

Yeni dəyişikliklər pensiyaçılar üçün nə vəd edir?
"Azərbaycan Prezidenti dünən “Əmək pensiyaları haqqında” qanununda dəyişiklikləri təsdiq edib".
Bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında kapital məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. 
"Həmin güzəştin müddəti gələn ilin yanvarında başa çatırdı. Dünən təsdiq olunan dəyişikliklər ilə pensiya amnistiyası daha 3 il uzadılır. Belə ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə pensiya almaq üçün ya 25 il staj və ya minimum pensiya kapitalı tələb olunur. Əgər vətəndaş 2018-ci ilin iyulun 1-dək hətta 1 manat pensiya kapitalına malik olubsa, o staj müddətindən asılı olmayaraq pensiya almaq hüququ əldə edir. Belə ki, bu zaman onun 2006-cı ilədək olan stajı 25 il hesab olunur. 2026-cı ildən sonra isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.
Bu dəyişikliklər ilə 2018-ci ilin ikinci yarısınadək pensiya hesabında hətta ən kiçik məbləğ kapitalı olan vətəndaşlarımız da pensiya ala biləcəklər. Bu baxımdan, sözügüdən dəyişiklik pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək".
Gundelik-Baku.Org