Qoşulmama Hərəkatına sədrlik Azərbaycana nə verib? - Deputatın şərhi

Qoşulmama Hərəkatına sədrlik Azərbaycana nə verib? - Deputatın şərhi
"Zirvə Toplantısında ciddi müzakirələrin olması, habelə, əhəmiyyətli razılaşma və qərarların əldə ediləcəyi gözlənilir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünü dəyərləndirərkən deyib. Millət vəkili bildirib ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzu daha da artıb:

"Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi davam etdirir. Bu qurum müasir beynəlxalq münasibətlər sistemində xüsusi rola və çəkiyə malikdir. Xüsusilə də Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzu daha da artıb. Azərbaycan Prezidentinin təşkilata sədrlik etməsi qurum daxilində ciddi təsisatlanma, institutlaşma prosesinə gətirib çıxarıb. 




Bakının təşəbbüsü ilə Qoşulmama Hərəkatının parlament, gənclər şəbəkəsi yaradılıb. Azərbaycanın quruma sədrlik dövrü pandemiya dövrünə təsadüf etdi. Bu baxımdan, Azərbaycanın təşəbbüsü ilə hərəkata üzv dövlətlərin pandemiyaya qarşı mübarizədə səylərinin birləşdirilməsi istiqamətində də mühüm addımlar atıldı. Təşkilat adından BMT Baş Məclisinin xüsusi sessiyası toplandı. 

Azərbaycan təşkilata sədrlik dövründə pandemiyaya qarşı mübarizədə istifadə edilən vaksinlərin ədalətli və bərabər bölüşdürülməsi məsələsini də qaldıraraq, onun da həyata keçməsinə nail oldu. Yenidən Bakı bu mühüm təşkilatın Zirvə görüşünü keçirir. Azərbaycan Prezidenti giriş çıxışında təşkilat çərçivəsində görülən işlərə qiymət verərək, qarşıdakı dövrdə  hansı perspektiv və addımların atılması istiqamətində mövqeyini də ifadə edib. 

Qoşulmama Hərəkarına üzv dövlətlər arasında birliyin əldə edilməsi mühüm məsələdir ki, məhz Azərbaycanın sədrliyi dövründə ciddi məsələlərlə bağlı bütün qurum üzvləri yekdil mövqedən çıxış etməyi bacarıblar. Bu da Bakının əldə etdiyi ən mühüm nailiyyətdir”. 
Gundelik-Baku.Org