İlham Əliyevin Davos görüşləri nə ilə yadda qaldı? - Deputat

İlham Əliyevin Davos görüşləri nə ilə yadda qaldı? - Deputat
"Bu tədbirə adətən dünya iqtisadiyyatına töhfə verən, iqtisadi problemlərin həllində rol oynaya bilən dövlətlərin rəhbərləri böyük həvəslə gəlir. Məsələyə bu xüsusda yanaşdıqda, Azərbaycan Prezidentinin Davosa səfəri və keçirdiyi görüşlər böyük əhəmiyyət kəsb edir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə səfər edərək, Davos İqtisadi Forumunda iştirakı və burada keçirdiyi görüşləri şərh edərkən deyib. Deputat bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verir:
 
"Davos İqtisadi Forumu dünyanın biznes elitasının cəmləşdiyi platformadır. Onun ildə bir dəfə yüksək səviyyəli toplantısı keçirilir. Dünyanın nəhəng şirkətləri, iqtisadi və siyasi elita təmsilçiləri ora toplanır. Azərbaycan Prezidenti İlham Əliyev də bu tədbirdə həmişə böyük məmuniyyətlə iştirak edir. İlham Əliyev artıq bir sıra böyük şirkətlərin rəhbərlərilə görüşlərə başlayıb. Onlar da həvəslə Azərbaycan rəhbərliyilə danışıqlara gedirlər. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verir. 
 



Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində yeni, yeganə alternativ enerji mənbəyidir. Keçən il Avropaya 8,2 milyard kubmetr qaz satmışıq. Bu il həmin rəqəmi 12 milyard kubmetrə çatdırmaq nəzərdə tutulub. Növbəti illərdə isə həcmin iki dəfə artırılması plandadır. Bunu da Avropa görür, ona görə də Bakının fəaliyyətini yüksək qiymətləndirirlər. 

Dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakı ilə yaşıl enerji sahəsində strateji əməkdaşlıq sənədi imzalanıb. Ona əsasən Qara dənizin dibilə Azərbaycanın elektrik enerjisi Avropa bazarına ixrac ediləcək. Prezident İlham Əliyev BƏƏ-ə səfəri zamanı çıxışında da qeyd edib ki, Azərbaycan tək neft-qaz, kimya məhsulları deyil, eyni zamanda yaşıl enerjini ixcrac etməyi də hədəfləyib. Azərbaycanın 200 meqavatlıq yaşıl enerji potensialı var”.

Deputat qeyd edib ki, bütün bunlara görə, Azərbaycana ciddi etibarlı tərəfdaş kimi yanaşırlar: 

"Bu baxımdan Azərbaycan Prezidentinin Davos forumunda iştirakı çox arzulanandır. Dünyanın siyasi və iqtisadi elitası bu tədbirdə İlham Əliyevi görməyi hər zaman arzulayır. Çünki Azərbaycan bu tədbirə qatılmaqla həm də dünyanı narahat edən iqtisadi münasibətlərin həlli prosesinə ciddi təhfə vermək gücündədir və onu reallaşdırır”. 
Gundelik-Baku.Org