Bakıda Azərbaycan pasportu ilə yaşayan “gerçək ermənilər” kimlərdir? – Deputatdan sensasion açıqlamalar

Bakıda Azərbaycan pasportu ilə yaşayan “gerçək ermənilər” kimlərdir? – Deputatdan sensasion açıqlamalar
Özünü milli demokratik düşərgənin aparıcı partiyası hesab edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi bir neçə gün öncə özünün feysbuk profilində bir status paylaşmışdı. Həmin statusda o, PKK terror təşkilatını açıq şəkildə dəstəkləyən, Türkiyə əleyhinə separatçılıq fəaliyyətində ad çıxaran, ağır cinayətlərdə ittiham olunaraq 7 ildir həbsdə olan Səlahəddin Dəmirtaşı cəsur siyasətçi kimi qələmə vermişdi. Sözügedən statusu təqdim edirik: “Səlahəddin Dəmirtaşın fəaliyyətini coğrafiya üçün, çoxmillətli ölkələr üçün cəsur bir nümunə hesab edirəm”.
Onun ardınca isə Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Paşinyanı “Demokratiya qalası” adlandırıb. Ermənistanı “demokratik ölkə”, Paşinyanı “regionun demokratiya qalası”, PKK yanlısı Səlahəddin Dəmirtaşı “cəsur və nümunəvi siyasətçi” sayan radikal və inkarçı müxalifət bununla nəyə nail olmağa çalışır?
Bir azərbaycanlı ana, qadın siyasətçi xalqımızın qanını tökən, mülki insanları, körpələri öldürən, dinc şəhərləri bombalayan Paşinyanı necə demokratiya qalası kimi görə bilər? Seymur Həzi Türkiyəni parçalamaq üçün 45 ildir silahlı müqavimət göstərən PKK-nın liderlərini müdafiə edən Səlahəddin Dəmirtaşı hansı kriteriyalarla cəsur nümunə sayır? Onlar bu qədərmi məlumatsızdırlar? Yoxsa Qərb fondlarının diqqətini cəlb etmək üçün milli satqınlığa bərabər addımlara gedirlər?
Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin deputatı, professor Elman Nəsirov Seymur Həzi və Gültəkin Hacıbəylinin anti-Azərbaycan mərkəzlərindən idarə olunduqlarını deyib.
O bildirib ki, S.Həzi faktiki olaraq Türkiyənin parçalanmasını istəyən kürd PKK-çının fikirlərini təkrarlayan mövqe ortaya qoyub:
“Həmin o separatçı Səlahəddin Dəmirtaş Türkiyənin parçalanmasının zəruriliyini isbat etməyə çalışır. AXCP sədri Əli Kərimlinin müavini də eyni mövqedən çıxış edir, Türkiyənin parçalanmasının lehinə mövqe ortaya qoyur. Bunun isə xalq dilində adları bəllidir – milli dönüklük və satqınlıq!
Gültəkin Hacıbəylinin Paşinyanı “demokratiya qalası” adlandırması da bir başqa biabırçılıqdır. Az qala, Paşinyanı bütün regionun demokratı kimi təqdim edə. Hacıbəylidən soruşmaq lazımdır, dəstəklədiyi həmin qatil Paşinyan deyilmi?! Vətən müharibəsi zamanı Gəncə, Bərdə, Naftalan, Ağcabədi və digər yaşayış məntəqələrimizi Paşinyanın əmri ilə atəşə tutmadılarmı? Nə qədər mülki və günahsız insanlarımız həlak oldu, evsiz-eşiksiz qaldı. Bunları edən Paşinyan indi Gültəkin üçün “demokratiya qalası” oldu?
O zaman Gültəkin Hacıbəyli Köçəryanı, Sərkisyanı da demokrat elan etsin! Hansı ki, o şəxslərin əlləri Xocalıdakı insanların qanına batıb, soyqırım törədiblər. Həmin ermənilərə görə bizim bir milyondan çox məcburi köçkün və qaçqınlarımız oldu, etnik təmizləmə siyasəti həyata keçirildi. Onda belə əməl törədənləri də “demokrat qalası” adlandırsın, necə ki, adlandırır”.

Millət vəkili G.Hacıbəyli və S.Həzi kimilərin niyyətinin ortada olduğunu deyib:
“Onların niyyəti post-müharibə dövrünün həllini gözləyən mühüm məsələlərini gecikdirmək və Qarabağda yaşayan ermənilərin orada qalmasıdır. Bu məsələdə də Paşinyan çalışır ki, bəhanələr altında ermənilər üçün “muxtariyyət” əldə etsin.
Amma Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və bu bizim daxili işimizdir. Bütün dünya bilsin ki, Azərbaycan çoxmillətli dövlətdir və bu çoxmillətli dövlətdə bütün etnoslar eyni hüquqa malikdirlər”.
E.Nəsirov bildirib ki, ermənilər Azərbaycanı insan hüquqlarını tapdalayan dövlət kimi təqdim etməyə çalışır:
“Guya Azərbaycan demokratik dövlət deyil. Belə olan halda isə Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyasına imkan vermək olmaz. Çalışırlar ki, Azərbaycanı gözdən salmaqla, ermənilərə saxta mövqelərini müdafiə etmək üçün imkan yaratsınlar. Faktiki olaraq Gültəkin Hacıbəyli də, Seymur Həzi də ermənidən çox erməni olmaq istəyənlərdir.
Ona görə də bu gün Gültəkin Hacıbəyli Azərbaycan pasportu daşıya bilər və soyadı da azərbaycanlı ola bilər. Bu, sadəcə formadır və nəyisə dəyişmir. Amma mahiyyət etibarilə bu şəxslər ermənidən çox ermənidirlər”.
Gundelik-Baku.Org