Azərbaycana qarşı qətnamə qəbul edən Avropa Parlamenti: İndi özü ittiham olunur

Azərbaycana qarşı qətnamə qəbul edən Avropa Parlamenti: İndi özü ittiham olunur
Artıq Avropa dövlətlərinin rəsmiləri də Avropa Parlamentinin korrupsiya ocağını çevrildiyini etiraf edirlər.
Qeyd edək ki, Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin rəhbəri Peter Siyarto mətbuata açıqlamasında bildirib ki, Avropa Parlamenti dünyanın ən korrupsiyalaşmış təşkilatlardan biridir və onun qətnamələri Avropanın xeyrindən daha çox ziyanına işləyir. Nazir vurğulayıb ki, Avropa Parlamentinin Avropa İttifaqına kömək edəcək qətnamələri və bəyanatları azdır, quruma etimad isə praktiki olaraq sıfır səviyyəsindədir. 
Siyartonun sözünə qüvvət, Azərbaycan bu qurumun korrupsiyanın ağuşuna düşməsi barədə məlumatlardan çoxdan xəbərdardır. Erməni lobbisi ilə sıx təmasları olan, erməni maraqlarına xidmət edən, Ermənistanın təcavüzkar siyasətinə göz yuman, o cümlədən erməni işğalı nəticəsində öz yurd-yuvalarından didərgin düşən xalqımızın hüquqlarının tapdalanmasına göz yuman Avropa Parlamenti ölkəmizə qarşı riyakar, qərəzli, heç bir reallığa əsaslanmayan qətnamələr və bəyanatlar qəbul edib. 
Siyasi şərhçi Tofiq Abbasov açıqlamasında bildirib ki, Avropa miqyasında güclü və çevik siyasətçi olan, öz praqmatik düşüncələri ilə tanınan Peter Siyartonun Avropa parlamentarilərinin korrupsiya əməlləri ilə bağlı fikirləri təqdirəlayiqdir: 

“Dəfələrlə şahidi olmuşuq ki, Avropa İttifaqının təsisatlarında bir çox qeyri-sağlam cərəyanlar fəaliyyət göstərir. Bu cərəyanların yaratdığı problemlərə və qeyri-qanuni işlərə korrupsiya halları da daxildir. Xatırladım ki, bu yaxınlarda Brüsseldə yerləşən arbitraj təşkilatlarında lobbiçilik adı altında korrupsiya halları ilə bağlı dinləmələr aparılıb. Həmin dinləmələrdə AŞPA-dan, eləcə də Avropa Parlamentindən olan deputatlar da iştirak edirdi.
Bu məsələlər üzərində hələ də çox ciddi müzakirələr və mübahisələr aparılır. Amma fakt yenə də faktlığında qalır. Avropa Parlamentinin bir sıra deputatlarının korrupsiyaya qurşanması ilə bağlı dəlil və sübutlar mövcuddur. Belə olan halda Avropa İttifaqının rəsmiləri və nümayəndələrinin bəzi ölkələrdə, xüsusilə postsovet məkanında korrupsiya ilə bağlı ittihamlar irəli sürmələri, buna münasibət bildirmələri yersiz və gülüncdür. Öz əməllərini ört-basdıq etmək üçün başqalarını günahlandırmağa çalışırlar. Yaxşı olardı ki, öz kölgələrində otursunlar”. 
Milli Məclisin deputatı Elman Nəsirovun sözlərinə görə, Macarıstan XİN rəhbərinin Avropa Parlamentini korrupsiyaya bulaşmış bir təşkilat kimi təqdim etməsi təəccüb doğurmur:

“Biz dəfələrlə Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələr qəbul etməsinə, ermənipərəst mövqe ortalığa qoymasına, işğalçını birbaşa və dolasıyıla dəstəkləməsinə şahidi olmuşuq. Bu yaxınlarda Avropa Parlamentində bir daha anti-Azərbaycan qətnaməsi qəbul edildi. Görün, bu sənəddə nə deyilir, guya Azərbaycan Ordusu Ermənistan ərazisinə müdaxilə edib, guya erməni hərbi əsirlər saxlayırıq, guya Xankəndini blokadaya almışıq və oradakı ermənilər üçün humanitar fəlakət yaradırıq. 
Bütün bunlar bir daha göstərir ki, Avropa İttifaqının qanunverici orqanı konkret olaraq müəyyən siyasi dairələrin maraqlarına xidmət edirlər. Avropa İttifaqının qlobal və regional maraqlarını bir kənara qoyub dar və cılız erməni maraqlarına yönələn siyasət yeritməsi qəbuledilməzdir. Macarıstan xarici işlər nazirinin bu açıqlaması tam reallığa əsaslanır”. 
Gundelik-Baku.Org