Qışda satılan meyvə-tərəvəz: “Zəhərləyir...”

Qışda satılan meyvə-tərəvəz: “Zəhərləyir...”
Yanvar ayı olmasına baxmayaraq, marketlərdə mövsümü olmayan meyvə-tərəvəzlərə rast gəlirik. Bu sırada çiyələk, alça, pomidor, xiyar, badımcan və s. qeyd etmək olar. 
Həkimlər bildirir ki, belə məhsullar orqanizm üçün təhlükəlidir.
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Yenisabah.az-a açıqlamasında deyib ki, istixanalarda meyvə-tərəvəz yetişdirilərkən onların tez yetişməsi və uzun müddət saxlanması üçün kimyəvi qarışıqlardan istifadə olunur. Bu qarışıqlardan istifadə edilməsi isə məhsulu nə qədər xoşagəlimli göstərsə də, bir o qədər təhlükəli edir: 
“Bu gün müxtəlif tərəvəzlərin istixanalarda, xüsusi iqlim mühitində yetişdirilməsi adi hal alıb. Əslində bu dünyadakı ərzaq problemi ilə bağlıdır. Bu gün dünyada çox ciddi ərzaq problemi yaşanır və genetik modifikasiya olunmuş müxtəlif meyvələr, tərəvəzlər məhz buna hesablanıb. Amma bununla yanaşı, nəzərə almaq lazımdır  ki, həmin meyvə-tərəvəzin yetişdirilməsi üçün istifadə olunan müxtəlif gübrələr, məhsulların inkişafını sürətləndirən stimulyatorlar orqanizmə də təsirsiz ötürmür. Yaxşı olar ki, insanlar hər meyvəni, tərəvəzi öz mövsümündə istifadə etsinlər. Bu gün orqanik qidalar azlıq təşkil edir. Konservantların, süni iqlim şəraitində yetişdirilən məhsulların, genetik modifikasiyaya uğramış meyvə-tərəvəzlərin çəkisi bu gün rasionda artmaqdadır. Əlbəttə, bunlar orqanizmdə öz izini qoyur. Düzdür, bu gün genetik modifikasiya olunmuş məhsullarının ciddi fəsadları ilə bağlı ortada konkret rəy yoxdur, amma müxtəlif konservantların, stimulyatorların orqanizmdə kumulyasiyası (Maddələrin özünün orqanizmdə toplanması) mümkündür. Onların da zərərli təsirləri mövcuddur”.
Dietoloq Dürrə İsmayılova qeyd edib ki, mövsümündə yeyilməyən məhsulların faydası 30 faizdən artıq deyil: 
“Deməzdim ki, bu qidalar zərər verir, amma nəzərə almaq lazımdır ki, həmin meyvə-tərəvəzin xeyri 100 faizdən 30 faizə düşür. Yay mövsümündə yeyilən qidalarla qışda marketdə satılanlar arasında fərq böyükdür. Amma mən diyetoloq kimi məshət görərdim ki, yeyilsin. Mən özüm də pomidor-xiyardan imtina etmişdim, amma yeyilməlidir. Bişmiş qidalardansa 30 faizlik fayda ilə çiy tərəvəzlər yemək daha yaxşıdır, çünki 30 faiz də olsa, həmin məhsullardan faydalı nə isə götürmək olur. Həmin tərəvəzlərdən salat etdikdə üzərinə ya limon, ya sirkə, ya da təmiz zeytun yağı sıxılsa, salatlar daha faydalı olar. Onların da iksini birdən sıxmaq olmaz, yalnız biri olmalıdır”. 
Gundelik-Baku.Org