Payız niyə xəstəliklər mövsümü sayılır? - Həkimdən açıqlama

Payız niyə xəstəliklər mövsümü sayılır? - Həkimdən açıqlama
Artıq payız fəslinə qədəm qoymuşuq. Havalar soyumağa, fəsil dəyişkənliyi isə insanların orqanizmində müəyyən dəyişikliklərin baş verməsinə səbəb olur. Ona görə də fəsil dəyişkənliyində bəzi qaydalara əməl edərək sağlamlığımıza diqqət yetirməliyik. 
Havalar soyuduqca, bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün isə xəstəliyə yoluxma halları da çoxalır. 
Qeyd edək ki, bununla əlaqədar olaraq, səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030” sənədinə uyğun olaraq, “2022-2023-cü ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji gücləndirilməsi məqsədilə” Əmr imzalayıb.
Mövzu ilə bağlı suallarımızı cavablandıran həkim-infeksionist Mərdan Əliyev Yenisabah.az-a açıqlamasında deyib ki, payız mövsümündə xəstəliklərin artmasının əsas səbəbi insanların evlərə çəkilməsi, havaların soyuması və günəşin aktivliyinin azalması ilə bağlıdır:
“Özəlliklə, payız  və qış mövsümündə müəyyən xəstəliklər daha çox özünü göstərməkdədir. Bunun qarşısını almaq üçün ilk növbədə, immun sistemini yaxşı vəziyyətdə saxlamaq lazımdır. Normal qidalanmaya daha çox önəm verilməlidir”.
Həkim-infeksionistin sözlərinə görə, xəstəliklərin baş qaldırmasının digər səbəbi isə meyvə-tərəvəzlərin az olması ilə bağlıdır:
“Normal qidalanma, meyvə-tərəvəzlərdən çox istifadə etmək, fəsil dəyişikliyi ilə əlaqədar qalın geyinmək daim bizə kömək edəcəkdir”.
M.Əliyev onu da vurğulayıb ki, evlərdə daim havalandırma prosesi həyata keçirilməlidir:
“Gün ərzində ən azı 2 dəfə pəncərələri açıb evi havalandırmaq lazımdır. Əsasən, bu qaydalara riayət etsək xəstəliklərə daha az yoluxma ehtimalımız var”, - deyə o yekunlaşdırıb.
Gundelik-Baku.Org