Məşhur amerikalı astronavt Ukraynaya yardım edəcək: “Özümə borc bilirəm” - FOTO

Məşhur amerikalı astronavt Ukraynaya yardım edəcək: “Özümə borc bilirəm” - FOTO
Amerikalı astronavt və ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş kapitanı Skott Cozef Kelli “United24” maliyyələşdirmə platformasının səfiri olacaq.
Bu barədə ABŞ Prezident Ofisindən məlumat verilib.
Layihənin ulduz səfirləri arasında görkəmli idmançılar Andrey Şevçenko, Elina Svitolina və Aleksandr Usik, “Balenciaga”nın yaradıcı direktoru Demna, amerikalı aktyorlar Liv Şrayber və Mark Qemill, “Imagine Dragons” musiqi qrupu, müğənni və aktrisa Barbara Streyzand da var.
Skott Cozef Kelli Tibbi Yardımın yönləndirilməsi işləri ilə məşğul olacaq. İlk reallaşdıracağı layihə isə “C Class” növündən təcili yardım maşınlarının alınmasına pul yığımı olacaq.
Astronavt bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıb.
Kelli Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri Ukraynanı sözün həqiqi mənasında sözdə və əməldə dəstəkləyir. Bu müddət ərzində o, ukraynalılara yardım üçün 500 min dollar toplayıb. Həmçinin də sosial şəbəkələrdə Rusiya rəsmilərinin və təbliğatçılarının paylaşımlarına verdiyi kinayəli şərhləri ilə bütün dünyada tanınıb.
Zelenski videobağlantı vasitəsilə söhbət zamanı astronavta yardımı üçün təşəkkür edib.
Kelli həmçinin tibbi təcrübəyə malikdir və bu da onu Ukraynaya yardım göndərməyə vadar edib.
“Gəncliyimdə təcili tibbi yardım sahəsində, eləcə də təcili yardım sürücüsü işləmişəm. Vaxtında tibbi yardımın insan həyatını necə xilas etdiyini öz gözlərimlə görmüşəm. Sonralar mən artıq astronavt olanda ekipajın tibb işçisi rolunu oynadım. Ukrayna həkimləri bu gün əsl qəhrəmanlıq nümayiş etdirirlər, inanılmaz dərəcədə çətin və təhlükəli şəraitdə hər gün möcüzələr yaradırlar. Demokratiyanı Rusiyanın təcavüzündən müdafiə edən Ukraynanı dəstəkləməyi özümə borc bilirəm”, - deyə Skott Zelenski ilə söhbəti zamanı deyib.
Astronavt əlavə edib ki, “United24” platforması vasitəsilə təcili yardım maşını alınması üçün 65 000 dollar ianə edir.









Mənbə: ZN.ua 
Gundelik-Baku.Org