Doğmalarınıza qulluq və stress: Qarşısını almaq üçün ALTI ADDIM

Doğmalarınıza qulluq və stress: Qarşısını almaq üçün ALTI ADDIM
Alzheimer xəstəsi olan şəxsə qayğı göstərməklə bağlı emosional yük yaxınlarının sağlamlığına təsir edə bilər.
Xarici media xəbər verir ki, Amerika Alzheimer xəstəliyi ilə mübarizə fondu stressi idarə etmək üçün altı addım təklif edir.
Uyğunlaşa bilən və pozitiv olun. Bu, sizin və qayğı göstərdiyiniz insanın stress səviyyəsinə təsir edir. Axınla gedin, bu, hər ikinizin rahat qalmasına kömək edəcək, həyəcanlanmaq isə əks effekt verəcək.
Nəyə nəzarət edə biləcəyinizi anlayın. Bəzi şeylər sizin nəzarətinizdən çıxacaq, ancaq necə reaksiya verəcəyinizə özünüz qərar verə bilərsiniz. Mövcud problemi daha az stressli hala gətirməyə kömək edəcək həll yollarının tapılmasına diqqət yetirin.
Qarşınıza real hədəflər qoyun. Prioritet verməyə çalışın, real məqsədlər qoyun, onlara nail olmaq üçün əlinizdən gələni edin və hər şeyi bir-bir götürün. Hər şeyi bir anda həll etmək olmaz.
Öz sağlamlığınızın qayğısına qalın. İstirahət edin, yaxşı yeyin, bol su için və idman edin. Özünüzə qayğı göstərməsəniz, sevdiyiniz insana keyfiyyətli qulluq göstərə bilməyəcəksiniz.
Fikrinizi mütəmadi olaraq yeniləyin. Yoqa, meditasiya, musiqi dinləmək və ya sadəcə bir neçə dəfə dərin nəfəs almağa çalışın. Bütün bunlar zehni rahatlamağa və stressi azaltmağa kömək edə bilər.
Hisslərinizi paylaşın. Stressiniz haqqında danışmaqdan çəkinməyin, çünki bu, onu yox etməyə kömək edə bilər.
“Stressi idarə etmək və azaltmaq yollarını tapmaq Alzheimer xəstəsinin hər bir baxıcısı üçün böyük əhəmiyyət kəsb edir. Uzun müddət ərzində müalicə olunmayan stress tükənmişliyə və digər sağlamlıq problemlərinə səbəb ola bilər,” - Fondun təhsil və sosial məsələlər üzrə direktoru Cennifer Rider deyir.
Gundelik-Baku.Org