Paşinyanın həyat yoldaşından sensasion sözlər: “Azərbaycanlı övladlarımız...”

Paşinyanın həyat yoldaşından sensasion sözlər: “Azərbaycanlı övladlarımız...”
Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyan erməni qadınlarını özünün yaratdığı sülh kampaniyasına qoşulmamaqda günahlandırıb.
Bu barədə Anna Hakopyanın özü sosial şəbəkə hesabında məlumat verib.
"2018-ci ilin yayında “Qadınlar sülh naminə” kampaniyasının təşəbbüskarı olmuşam. 
Kampaniya mesajım belə idi. “Qadınlar və analar olaraq Qarabağ münaqişəsində iştirak edən bütün tərəfləri və vasitəçi ölkələri heç vaxt və heç vaxt hərbi əməliyyatların yenidən başlanmasına imkan verməməyə, gənc erməni və azərbaycanlı əsgərlərin həyatını təhlükəyə atmamağa çağırırıq. Biz bütün qadınları, güclü və nüfuzlu qadınları, dövlət başçılarının xanımlarını bu təşəbbüsə qoşulmağa çağırırıq ki, onların sayəsində bu kampaniya daha güclü və qüdrətli olacaq”.
Bəs nə oldu? Baş verənlər onu göstərdi ki, hələ başlanğıc mərhələsində olan “Qadınlar Sülh naminə” kampaniyası erməni qadınlarının ölümcül susqunluğu ilə darmadağın edildi. Təbii ki, erməni analar kampaniyanın mesajı ilə razılaşmayıb deyə bilməzdilər ki, yox, biz istəyirik ki, həm özümüzün, həm də azərbaycanlı övladlarımız müharibədə həlak olsunlar. Belə bir şey mümkün deyil.
Bəs problem nə idi? Problem ondan ibarət idi ki, kampaniyanın başlanmasına paralel olaraq aşağıdakı tezis başlandı: “Sən kim idin ki, erməni qadınları adından sülh diləyirsən? Erməni qadını sülh dilənçisi deyil, sülhün mühafizəçisidir. Erməni qadını təkcə dişi aslandan deyil, həm də erkək aslandan doğulub. Lazım gəlsə, döyüş meydanında silaha sarılacaq, oğlu ilə birlikdə özünü qurban verəcək, ancaq sülh dilənməyəcək.
Mən də dedim ki, aprel döyüşlərini işıqlandırarkən həm erməni, həm də azərbaycanlı 18-20 yaşlı əsgərlərin gözündə tamamilə eyni qorxu gördüm. Buna cavab olaraq daha bir tezis üzə çıxdı. “Nə qorxu, necə cəsarətlə bizim əsgərlə Azərbaycan əsgəri arasında bərabərlik işarəsi qoyursan, erməni anası ancaq qorxmaz, cəsur əsgər dünyaya gətirir” və s.
Bu boş cümlələr erməni qadınlarını nəzarətdə saxlamaq və cilovlamaq üçün kifayət edirdi. Onların “satqınlar siyahısına” düşəcəkləri, sülh dilənməkdə günahlandırılacaqları, erməni və azərbaycanlı uşaqları arasında bərabərlik işarəsi qoyacaqları qorxusu belə güclü idi.
Cümlələr isə boş idi, müharibə vaxtı göründü. Ermənistanda yaşı 18-dən yuxarı olan 1 milyon 231 min 584 qadın yaşayır. Mən hətta diasporda yaşayan bir neçə milyon erməni qadını demirəm. İki il ərzində “Qadınlar sülh naminə” kampaniyasına kifayət qədər səy göstərmədiyimi düşünürəm. Düşünürdüm ki, ölkə rəhbərinin xanımının sözü, inadkarlığı kifayət etməlidir.
“Qadınlar Sülh Naminə” kampaniyasının müharibəni dayandırması təbii ki, fakt deyil. Amma hərəkət etmədiyimiz üçün bilmirik. Problem onda deyil, problem məsuliyyəti öz üzərinə götürmək və heç olmasa öz övladının həyat və ölümü məsələsi həll olunanda mövqe bildirmək üçün cəsarət göstərməkdir.
İnanmaq istəmirəm ki, erməni qadınının bacara biləcəyi maksimum şey dua etmək və ya söymək, ya da qəhrəmanlarının ölümündən sonra ağlamaqdır”. 
Gundelik-Baku.Org