Bakı metrosu qışa hazırdırmı?

Bakı metrosu qışa hazırdırmı?
“Bakı Metropoliteni” QSC qış mövsümünə hazırlıq prosesini yekunlaşdırıb.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, əvvəlki illərdən fərqli olaraq, bu dəfə hazırlıq prosesinə “Xocəsən” elektrik deposunda görülən işlər də əlavə olunub.
Güclü qar yağıntısı, şaxtalı hava şəraitində stansiyaların pilləkənlərinin qar və buzun təmizlənməsi üçün lazımi ehtiyatlar hazır vəziyyətə gətirilib, buzlaşmaya qarşı duz ehtiyatı tədarük olunub. Müxtəlif sahələrdən stansiyalara cəlb olunacaq işçi heyəti formalaşdırılıb. İşçilər təlimlərdən keçərək əlverişsiz hava şəraitində, xüsusən qar yağanda görəcəkləri işin ardıcıllığı barədə məlumatlandırılaraq, təlim-məşqlərə cəlb olunublar. Hazırda təlimatlandırma və müntəzəm yoxlamalar davam etdirilir.
Qarlı günlərdə açıq hava şəraitində qatarların hərəkətinə problemlər park yollarında yarana bilər. Çoxsaylı yoldəyişdirici qurğuların qar altında qalması nasazlıqların əsası kimi qatarların xəttə vaxtında verilməsinə maneə mənbəyidir. Buna görə də elektrik depolarında qışa ən mühüm hazırlıq işləri yol təsərrüfatında aparılır və orada qarla mübarizə qərargahının fəaliyyəti xüsusi tənzimlənir.
“Nərimanov” və “Xocəsən” depolarında qarla mübarizə qərargahları müvafiq avadanlıq, alət və digər materiallarla təchiz edilib. Park yollarında tədbirlər görülməklə, üfürücü qurğuların yerləşdiyi yerlərə müntəzəm baxış keçirilir, çəpərləmə ləvazimatının, alətlərin və avadanlıqların vəziyyəti yoxlanılır. Depo və park yollarında izolə qovşaqları daim nəzarətdə saxlanılır, sıradan çıxmış detallar dəyişdirilir. Hava şəraitindən asılı olmayaraq, profilaktik tədbirlər daim plan üzrə həyata keçirilir.
Yol sahələrində ştatda nəzərdə tutulmuş sayda işçilər komplektləşdirilib, bu sahələrdə ilk dəfə çalışan və belə hallarla qarşılaşmayan əməkdaşlar müxtəlif təlimatlar alaraq maarifləndiriliblər. İşçilər üçün xüsusi geyimlər, ayaqqabılar və digər fərdi mühafizə vasitələri alınıb. Yol təsərrüfatının qəza-bərpa sahəsi qış şəraitinə tam uyğunlaşdırılıb, qartəmizləmə alətləri saz vəziyyətə gətirilib.
Gundelik-Baku.Org