Fransa Azərbaycan əleyhinə qətnamə hazırlığında – Bakının cavabı ağır olacaq

Fransa Azərbaycan əleyhinə qətnamə hazırlığında – Bakının cavabı ağır olacaq

“Fransızların ermənidən çox erməni olmaq niyyəti onlar üçün yaxşı heç nə vəd eləmir”.

Fransa Senatında 15 noyabr tarixində Azərbaycan əleyhinə qətnamə layihəsinə baxılması nəzərdə tutulur. Qətnamə layihəsi bir çox azərbaycanlının hiddətinə səbəb olub.
Sənəd əleyhinə nüfuzlu Mesopinions.com petisiya saytında Fransa Senatına, hökumətinə və xalqına ünvanlanmış və qısa müddətdə 110 000-ə yaxın imza toplamış müraciət yerləşdirilib. Lakin Fransa tərəfi sözügedən petisiyaya əhəmiyyət vermir.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın sualını cavablandırarkən deyib ki, bu müraciət qeyd edilən portalda yerləşdirilən digər petisiyalarla müqayisədə əhəmiyyətli sayda çox dəstək cəlb edib. Buna baxmayaraq, daha az səs toplayan və daha az əhəmiyyətə malik müraciətlər ilə müqayisədə azərbaycanlıların bu petisiyasına indiyə qədər Fransa tərəfindən reaksiya bildirilməyib:
“İctimai rəyə hər zaman həssaslıqla yanaşdığını iddia edən Fransa parlamentarilərinin soydaşlarımızın haqlı narazılıqlarına səbəb olan müraciətlərinə diqqət yetiriləcəyini gözləyirik”, – deyə XİN rəsmisi əlavə edib.

Deputat Elman Nəsirov Globalinfo.az-a mövzunu şərh edib.
Bildirib ki, Fransa Senatı Azərbaycan əleyhinə növbəti qətnamə qəbul etməyə hazırlaşır və bu yeni hadisə deyil:
“Dəfələrlə görmüşük ki, Fransa parlamentinin hər iki palatası Azərbaycan əleyhinə qərəzli mövqe ortaya qoyur, müxtəlif sənədlər qəbul edir, Ermənistanı açıq mətnlə müdafiə edir və təcavüzkar Ermənistanın yanında yer alır. Hətta iş ora gəlib çatıb ki, Ermənistan Respublikası özü yaratdığı qondarma rejimi heç bir zaman tanımadığı halda Fransa Parlamentinin hər iki palatası qondarma rejimin müstəqilliyini tanıyıb. Fransa Prezidenti Emmanuel Makron həm Vətən müharibəsi zamanı, həm də ondan sonra çıxışlarında dəfələrlə Ermənistanın haqsız mövqeyini müdafiə edib, Ermənistanın təcavüzə məruz qaldığını söyləyib, Azərbaycana qarşı daban-dabana zidd olan mövqeyini ortaya qoyub”.
Deputat qeyd edib ki, Fransanın Azərbaycan əleyhinə qətnaməsi ilə bağlı həmin ölkədə və xaricdə yaşayan həmvətənlərimiz petisiya sənədi ilə Fransa hökumətinə və xalqına müraciət ünvanlayıb:
“Fransa tərəfi hələ də qeyd olunan petisiyaya münasibət bildirmir. Sanki onun mövcudluğundan xəbərsizdir və ya petisiyanın əhəmiyyətsiz olduğunu sübut etmək istəyir. Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi və Fransadakı səfirliyimiz bu istiqamətdə öz fəaliyyətini daha da intensivləşdirməlidir. Müvafiq diplomatik kanallarla Fransa Senatına və hökumətinə məlumatlar çatdırılmalıdır ki, belə addımların atılması, fransızların ermənidən çox erməni olmaq niyyəti, Fransa Parlamentinin hətta Ermənistan Parlamentinin antiazərbaycan istiqamətində atmadığı addımları belə atması, bu baxımdan hətta Ermənistan parlamentini üstələməsi çoxlu suallar yaradır. Eyni zamanda Paris-Bakı münasibətlərinin həm bu gününə, həm də gələcəyinə böyük kölgə salır”.
E.Nəsirov bildirib ki, bu məsələ ilə bağlı Fransa hökuməti, Fransanın ali icra hakimiyyəti müvafiq ölçü götürməli, elə addımlar atmalıdırlar ki, bu heç bir halda Fransanın Cənubi Qafqaz regionundakı maraqları Azərbaycanla bağlı siyasətinə xələl gətirməsin. Çünki bu nəticə etibarilə Fransa üçün yaxşı heç nə vəd eləmir:
“Azərbaycan elə bir mürəkkəb coğrafiyada yerləşir ki, Fransanın belə qərəzli mövqeyi onun regiondakı maraqlarını böyük sual altına almış olur və bu coğrafiyanın özəlliklərini gərək heç vaxt yaddan çıxarmasın”.
Gundelik-Baku.Org