"Xalq YAP-a inanır və etibar edir" - DEPUTAT ŞƏRH ETDİ

"Xalq YAP-a inanır və etibar edir" - DEPUTAT ŞƏRH ETDİ
"Bildiyimiz kimi, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan və Ümummilli Lider Heydər Əliyevin müəllifliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyasının 30-cü ildönümünü qeyd etməyə hazırlaşırıq. 30 il ərzində YAP böyük bir inkişaf yolu keçib". Bu sözləri açıqlamasında deputat Elman Nəsirov deyib.
Onun sözlərinə görə, YAP 1990-cı illərin əvvəllərindən acı reallıqlar fonunda yaranıb: "Elə bir reallıq ki, bu zaman Azərbaycan sözün həqiqi mənasında xaos içərisində idi. Ölkədə vətəndaş həmrəyliyindən söhbət gedə bilməzdi. Vətəndaş qarşıdurması, səfərbər olmuş cəmiyyətin adını belə çəkmək mümkün olmazdı. Cəmiyyət dağılmış vəziyyətdə idi. Heç kim heç kimin kitabını oxumurdu. İqtisadiyyat çökmüş və insanların sabahkı günə inamı itmişdi. Belə olan vəziyyətdə xalqın yeganə nicat yolu Ulu Öndər Heydər Əliyev idi. Çünki 1990-cı ildə də xalq təcavüzə məruz qalarkən Ulu Öndər Heydər Əliyev bu xalqa ağsaqqallıq etdi və öz sözünü dünya ictimaiyyətinə çatdırdı".
Deputat sözlərinə belə davam edib: "1992-ci ilin reallığında da vəziyyət oxşar idi. Xalq yenə başsız və sahibsiz qalmışdı. Antimilli bir hakimiyyət xalqa qarşı öz siyasətini həyata keçirirdi. Bu reallıqda xalqın üzdə olan 91 nəfər ziyalısı qurtuluş üçün Heydər Əliyevə müraciət etdi. Dediyimiz reallıqlar fonunda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında YAP yarandı. 1992-ci il noyabr ayının 21-də Naxçıvanda Cəlil Məmmədquluzadə adına dram teatrında 550 nəfər nümayəndənin iştirakı ilə YAP təsis edildi. Partiyanın təsis qurultayının Bakı şəhərində o zamankı hakimiyyət imkan vermədi, lakin bu gün demokratiyadan, söz və mətbuat azadlığından danışırlar. 1992-ci ilin reallığına baxdıqda onların əsl siması, daha doğrusu simasızlığı üzə çıxır.
YAP yaranışından 6 ay sonra hakimiyyətə gəldi. Eyni zamanda, bir nümunə qoydu ki, hakimiyyətə gəlməyin yeganə yolu siyasi mübarizə, xalqın etimadını qazanmaq yoludur. Bununla da dərs verdi. YAP-ın yaranması Azərbaycan siyasi sisteminin yaranması və formalaşmasına gətirib çıxardı.
YAP qısa bir zamanda ümumxalq partiyasına, cəmiyyətin bütün təbəqələrinin mənafe və maraqlarını həyata keçirən partiyaya çevrildi. Eyni zamanda bu partiyanın üzvlərinin 40 faizə qədəri də gənclər idi. Bu səbəbdən də Ulu Öndər Heydər Əliyev söyləmişdi ki, "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır".
Bu günləri gənclərin YAP-a böyük axını var. Çünki onlar görürlər ki, bu partiyanın üzvü olaraq bütün potensiallarını üzə çıxarmaq, dövlətə və dövlətçiliyə xidmət etmək imkanlarına malikdirlər.
Bu günləri xalq YAP-a inanır və etibar edir. Ona görə etibar edir ki, bu partiyanın başında Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin ən layiqli davamçısı cənab Prezident İlham Əliyev dayanır. Cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində tarix yazdı, tarixi ədaləti bərpa etdi və ərazi bütövlüyümüzü təmin etdi. Heç şübhəsiz ki, YAP üzvlərinin də bu qələbədə böyük rolu var. Partiyanın qarşısında yeni vəzifələr müəyyən edilib".
Gundelik-Baku.Org