“Deyirlər, gözləyin, maaşlar artacaq, amma qiymətlər artır” - Əməkdar artist

“Deyirlər, gözləyin, maaşlar artacaq, amma qiymətlər artır” - Əməkdar artist
Sənət adamlarının, xüsusilə də teatr aktyor və aktrisalarının bütün dövrlərdə gileyləndiyi bir şey var - Maaş.
İstər xalq artisti olsun, istər sənətdə ilk addımlarını atan aktyor, onlar demək olar ki, hər müsahibədə, söhbətdə məvaciblərinin az olmasından, istədikləri kimi yaşaya bilməmələrindən gileylənirlər.
Mövzu ilə bağlı danışan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası, Əməkdar artist Nahihə Orucova aktyorların maaşının xərclərini qarşılamadığını bildirib:
“Sözsüz ki, vəziyyət çətindir. Maaşlarımız artmamış ərzağın və digər şeylərin qiyməti günü-gündən artır. Axı biz də dolanmalıyıq. Biz teatrdan maaş alırıq və yalnız onunla dolanırıq, müğənnilər kimi toylara getmirik, öz cibimiz üçün işləmirik. Biz aktyorlar oynadığımızın müqabilində maaş alırıq, maaşlar isə çox aşağıdır. Düzdür, indi əvvəlki dövrlərə nisbətən maaşlar bir az qalxıb, amma nəzərə almaq lazımdır ki, bununla belə ərzağın da qiyməti qalxıb, hər şey bahalıdır, yaşayışın qiyməti bahadır. Qiymətlərdə artım olandan sonra maaşlarımızda heç bir artım olmayıb, hələ ki, gözləyirik, söz veriblər ki, artacaq. Bizimsə gözləməkdən başqa çarəmiz yoxdur. Bilirsiniz, biz xalqa məxsusuq, onlar üçün işləyirik. Rəhmətlik Hacıbaba Bağırov deyirdi ki, siz bizim üçün, biz də sizin üçün işləyirik. Yəni biz işlədiyimizin qarşılığını almalıyıq. Səhər gedirik, bir də axşam teatrdan çıxırıq”.
Əməkdar artist bəzi sənət adamlarının verilişə çıxmaq üçün telekanal rəhbərlərindən qonorar istəməsinə də münasibət bildirib:
“Bütün günümüz teatrda keçir. Hərdən də telekanallara çəkilişə gedirik. Ancaq bilirsiniz ki, bundan heç bir gəlir əldə etmirik. Əvvəllər hansısa verilişə çıxırdıqsa, bizə qonorar yazırdılar. Bir dövlət tyeleviziyası var idi və qonaq çağırdıqları sənətçilərin hərəsinin kateqoriyasına görə qonorar yazılırdı, onunla da dolanırdıq. Amma bu gün qonaq olduğumuz çəkilişlər üçün pul verilmir.
Aktrisa təcrübəli aktyor və aktrisaların seriallara çəkilməkdən imtina etməsinin səbəblərini açıqlayıb:
“Bu gün çəkilən seriallar da bərbad gündədir, olsa da normal pul verilmir. Ona görə də bir çox aktyor və aktrisalar seriallarda çəkilməkdən imtina edirlər. Sənətə dünən gələn, aktyor təhsili olmayanlar seriallarda reklam olunmaq üçün pulsuz çəkilə bilər, amma bizə reklam lazım deyil. Biz sənətdə öz sözümüzü demiş insanlarıq. Biz cavan nəsil deyilik, reklama yox, dolanışığa ehtiyacımız var. Qonorar bizim gözləntilərimizi qarşılamayanda sözsüz ki, həmin seriala çəkilməkdən imtina edirik. Həm də məsələ təkcə pul deyil, bu gün çəkilən serialların nə ssenarisi, nə rejissoru, nə operatoru, nə də səs rejissoru bizi qane etmir. Keçmişdə hər şey başqa cür idi, heyətin hamısı təhsilli idi, işin dərinliklərinə, sirlərinə bələd idilər. İndi yerindən duran əlinə kamera götürür ki, mən film, serial çəkəcəyəm. Hər şeyin səbəbi budur, peşəkarlıq yoxdur. Bu sahədə hər kəs işinin peşəkarı olmalıdır, hətta qrim ustası, işıqçı belə işində professional şəxslər olmalıdır”.
Gundelik-Baku.Org