Azərbaycanın iki rayonunda balıq bahalaşdı - SƏBƏB

Azərbaycanın iki rayonunda balıq bahalaşdı - SƏBƏB
Biləsuvar və Cəlilabad rayonlarında balıq bahalaşıb.
“Report” un Muğan bürosunun əməkdaşı balıq satışının həyata keçirildiyi ərazilərdə olub, qiymətlərlə maraqlanıb.
Müşahidələr zamanı məlum olub ki, balığın qiymətində 20-30 faizə yaxın artım var. Alıcılar da qiymətlərin baha olmasından şikayətləniblər.
Onların sözlərinə görə, əvvəllər çay balığının kiloqramı 8-10 manata satılırdı. Amma indi bu, alıcılara 11-12 manata təklif olunur. Sakinlər deyirlər ki, həmişə bayram süfrəsində çəki balığına da üstünlük verilib, amma hazırda bu balıq növünü tapmaq əsl müşkülə çevrilib:
“Bu balığa tələbat çox olduğu üçün qiyməti də bahadır. Bununla yanaşı, bazarlarda satışa çıxarılan dəniz məhsulları arasında çəki balığına əvvəlki kimi çox rast gəlinmir”.
Bundan əlavə, müşahidələr zamanı məlum olub ki, süni göllərdə yetişdirilən balıqların qiyməti də bahalaşıb. Belə ki, bu balıqların satış qiyməti növündən asılı olaraq 6-8 manat arasında dəyişir.
Satıcılar isə söyləyiblər ki, hazırda bazarda müşahidə olunan qiymət artımı çay balıqlarının tutulmasının çətin olması ilə əlaqədardır. Onlar həmçinin dəniz məhsullarının qiymətindəki artıma qarşıdan gələn Yeni il bayramının da təsir etdiyini bildiriblər.
Satıcılar düşünürlər ki, qiymətlər bayramqabağı bir qədər də qalxa bilər:
“Balığın sayı az olduğu üçün qiymətlər də təbii olaraq artır. Bununla yanaşı, göl balıqlarına verilən yemin də qiyməti qalxıb və bu da balıqların qiymətində artıma gətirib çıxarıb”.
Gundelik-Baku.Org