Finala çıxmayan Tural və Turandan danışdılar

Finala çıxmayan Tural və Turandan danışdılar
Xəbər verdiyimiz kimi, Azərbaycan “Avroviziya – 2023” finalında iştirak üçün vəsiqə qazana bilməyib. Bu da ictimaiyyətin narazılığına səbəb olub.  Kimisi uğursuz performans olduğunu iddia edir, kimisi mahnını linçləyir,  kimisi isə deleqasiyanın qeyri-peşəkar olduğunu səbəb gətirir. 
Bəs ölkəmizi əvvəlki illərdə sözügedən müsabiqədə təmsil edən ifaçılarımız nə düşünür? Bununla əlaqədar müğənnilər Nadir Rüstəmli və Dilarə Kazımova ilə əlaqə saxladıq. 
OLAY-a açıqlama verən Nadirin sözlərinə görə, əsas məsələ “Avroviziya” deyil, karyerada uğur qazanmaqdır:
Düşünürəm ki, hər şey qaydasında idi. Heç bir haqsızlıq da görmədim. Bəzi ölkələrin finala keçməyini gözləmirdim, ancaq onlar da yarımfinalı keçdilər. Təmsilçilərimizin performansından çox razı qaldım. Kifayət qədər uğurlu performans idi. Hətta bayaq Tural və Turanla görüntülü zəng ilə danışdım. Onlara dedim ki, əsas Azərbaycana gələndən sonra fəaliyyətinizdə qazanacağınız uğurlar olmalıdır. Onlara dəstək olmaq lazımdır. Mən də onları dəstəkləyirəm. Nə edək ki, belə alındı? Qismət…”.
Dilarə Kazımova isə ölkəmizə qarşı haqsızlıq olunduğunu düşünür: 
Bizim təmsilçilərimizə haqsızlıq olundu. Tural və Turan çox yaxşı çıxış etdilər. Hər şey çox maraqlı idi. Gitara ilə fərqli tərzdə ifa etdilər. Bundan əvvəlki illərdə çıxışlara bənzəmirdi. Bundan başqa, komandanın bütün üzvlərinin azərbaycanlı olması çox gözəl düşünülüb. Səhv etmirəmsə, belə bir hal ilk dəfədir baş verir. Əkizlər və komandası əllərindən gələni etdi. Ölkələr arasında pis çıxış edən təmsilçilər finala vəsiqə qazandı. Ancaq bu, müsabiqədir də, hər şey ola bilər. Gəlin, öz ifaçılarımıza dəstək olaq. Onlara dəstək lazımdır”
Qeyd edək ki, TuralTuranX öz müəllifləri olduqları “Tell me more” mahnısı ilə yarışırdılar. 

Gundelik-Baku.Org