“Kim zəlzələdəki insanların ölümü hesabına hakimiyyətə gəlmək iddiasına düşür...” – Elman Nəsirovdan SƏRT sözlər

“Kim zəlzələdəki insanların ölümü hesabına hakimiyyətə gəlmək iddiasına düşür...” – Elman Nəsirovdan SƏRT sözlər
“Azərbaycanın özündə də radikal müxalifət kəsimin bəzi simaları sosial şəbəkələrdə və mediadakı çıxışlarında belə mövqe bildirmişdilər ki, bu zəlzələdən sonra biz axır ki, Ərdoğan hökuməti ilə vidalaşmalı olacağıq”.
 Bu sözləri hazırda TV Müsavatın efirində yayımlanan, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə “Dərin Təhlil” verilişində YAP-çı millət vəkili Elman Nəsirov bildirib. Onun sözlərinə görə, siyasi hakimiyyətə gəlmək üçün yüz minlərlə insanın başına gələn fəlakətdən istifadə etməyə çalışmaq yolverilməzdir: “Bu, insanlıqdan uzaq davranışdır. Bunu edənlər insan deyil, məxluqdur. Bu cür insanların dünyaya gəlişini təbiətin səhvi kimi qiymətləndirirəm. Kimlər ki, qarşıdakı seçkilərdə bu fəlakətin nəticələrindən istifadə edib, ictimai rəyə təsir göstərmək və dünyasını dəyişən insanların ölümü hesabına hakimiyyətə gəlmək iddiasına düşür, bu, əxlaqsızlıq, tərbiyəsizlikdir”.
E.Nəsirov bildirib ki, Ərdoğanın hakimiyyəti dövründə Türkiyə böyük güc mərkəzinə çevrilib, ən güclü iqtisadiyyatı olan ölkələr arasında ön yerlərdədir. Onun sözlərinə görə, Ərdoğanın siyasətini dərk edən opponentləri belə onun üstün cəhətlərini etiraf edirlər: “Opponentləri söyləyirlər ki, o, elə siyasətçidir ki, böhranlar zamanı bütün potensialı, idarəçilik, təşkilatçılıq qabiliyyəti daha çox üzə çıxır. Ərdoğanın bu seçkilərdə də qalib gəlməsi üçün kifayət qədər qabiliyyəti və imkanları var. Azərbaycan da Türkiyənin yanındadır. Hipotetik baxımdan deyirəm ki, əgər Azərbaycan xalqının Türkiyədəki seçkilərdə iştirak etmək hüququ olsaydı, Azərbaycan xalqı da ona səs verərdi”.
Gundelik-Baku.Org