Aqil Abbas deputatların maaşının azlığından giley etdi - Həmkarlarının REAKSİYASI

Aqil Abbas deputatların maaşının azlığından giley etdi - Həmkarlarının REAKSİYASI
Millət vəkili Aqil Abbas “Birincilər” verilişində qonaq olarkən deputatların maaşının azlığından şikayətlənib:

“125 deputat var. Onların çəkdiyi əziyyəti heç kəs bilmir. Elə millət vəkili var ki, aldığı maaşını evinə aparıb çıxara bilmir. MDB-də ən az maaş alan bizim millət vəkilləridir”.

Təbii ki, Aqil Abbasın bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Çünki, sıravi deputatın aylıq maaşı 8 min manatdır. Bu da Azərbaycandakı orta aylıq əmək haqqından 10, minimum əmək haqqından isə 25 dəfə çoxdur.

Bəs, Aqil Abbasın deputat həmkarları bu barədə nə düşünür?

 
Millət vəkili Fəzail Ağamalı Bizim.Media-ya açıqlamasında bildirdi ki, hərənin öz fikri var:

“Mən düşünmürəm ki, deputatlarımızın əmək haqqı azdır. Şəxsən məni qane edir. Həm bazar qiymətləri ilə müqayisədə, həm də əmək bazarındakı maaşlarla müqayisədə deputatlarımızın əmək haqqı çox yaxşıdır. Gileylənməyə əsas görmürəm”.

Millət vəkili Razi Nurullayev isə Bizim.Media-ya bildirdi ki, belə məsələlərin müzakirəsini bu gün yersiz sayıram:

“Çünki, cəmiyyətimizin daha böyük problemləri var. Ona görə də deputatların maaşının müzakirəyə gətirilməsinə ehtiyac yoxdur. Ola bilsin ki, Aqil müəllimə köntöy sual veriblər. O da belə cavab verib. Mən və çevrəmdəki, heç bir deputat bu gün əmək haqqlarından gileyli deyil”.

Milli vəkili Elman Nəsirov Bizim.Media-ya açqılamsında Aqil Abbasın fikirlərini təəccüblə qarşıladığını bildirdi:

“118 deputatın heç biri bu gün əmək haqqından gileyili deyil. Bu barədə heç bir deputatdan fikir eşitməmişəm. Mən də əmək haqqından narazı deyiləm. Normaldır. Aqil müəllim niyə belə deyib, onu da bilmirəm. Bu gün deputatların maaşından daha qlobal məsələlər var. Məncə bundan danışsaq daha yaxşı olar”.
Gundelik-Baku.Org