Natəvanın 190 illiyinə həsr olunmuş qızıl sikkə kolleksiyası satışa çıxarıldı - FOTO

Natəvanın 190 illiyinə həsr olunmuş qızıl sikkə kolleksiyası satışa çıxarıldı - FOTO
“AzerGold” QSC tərəfindən yeni növ qızıl sikkə kolleksiyası satışa çıxarılıb.
Bu barədə “AzerGold”dan bildirilib.
Məlumata görə, yeni kolleksiya Azərbaycan bədii fikrinin görkəmli siması, Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvanın 190 illiyinə həsr olunub. Qızıl məhsullarının üzərində şairənin həyat və yaradıcılığına dair elementlər təsvir edilib.
Belə ki, sikkənin mərkəzində Xurşidbanu Natəvanın külliyyatını simvolizə edən açılmış kitab və şairənin məşhur “Qərənfil” rədifli qəzəlini təcəssüm etdirən gül ləçəkləri dizayn edilib. Şairənin doğulduğu evin pəncərələri kompozisiyanın yuxarı hissəsində, tağların üzərindəki naxışlar müvafiq olaraq sikkənin yarımperimetri üzrə əks olunub. Gül naxışları isə sözügedən təsviri və bir hissəsi ədibin poeziyasını ifadə edən lələkdən formalaşmış “190” rəqəmini haşiyəyə almaqla kompozisiyanı tamamlayır. Sikkə nümunəsi şeir sənəti ilə yanaşı, rəssamlıq, tikmə sənəti, musiqi kimi incəsənətin digər sahələri ilə məşğul olmuş, şairəliyi ilə yanaşı, nəcib və xeyirxah əməlləri ilə tanınmış Xurşidbanu Natəvana xalqımızın verdiyi böyük mənəvi dəyəri ifadə edir.
Yeni məhsullar Cəmiyyətin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən ilk satış və mübadilə mərkəzində və onlayn satış platforması www.azergold.gift vasitəsi ilə alıcılara təqdim edilir.
Xatırladaq ki, “AzerGold” QSC tərəfindən yerli pərakəndə bazarı üçün Azərbaycan qızılı və gümüşündən hazırlanan sikkələr ilk dəfə 2018-ci ildə istehsal edilib. 3 müxtəlif qızıl və gümüş sikkə kolleksiyalarının üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının “Çələbi” naxışının əks olunması Azərbaycanın müasirliyinin, tarix və incəsənətinin təbliğinə yönəlib. İstehsal edilmiş növbəti məhsul çeşidləri olan “Qarabağ inciləri” və “Şuşa” müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qələbəsinə və Azərbaycanın ayrılmaz parçası olan, işğaldan azad edilmiş Qarabağa həsr olunub.




Gundelik-Baku.Org