Azərbaycan üzərindən daşınan neft və neft məhsullarının həcmi artacaq

Azərbaycan üzərindən daşınan neft və neft məhsullarının həcmi artacaq
Azərbaycan üzərindən neft və neft məhsullarının daşınması bu il artırılacaq.
Bunu “Report”a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib.
O qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2022-ci ildə 18,7 milyon ton yük daşıyıb: “Bunun əsas hissəsini də neft və neft məhsulları təşkil edir”.
Ekspert ADY-dən aldığı məlumata istinadən bildirir ki, 2021-ci ildə Azərbaycan dəmir yolları ilə ən çox daşınan yüklər siyahısında ilk yeri xam neft və neft məhsulları (5,2 milyon ton) tutub:
“2022-ci il ərzində isə Azərbaycan dəmir yolları ilə 6,4 milyon ton xam neft və neft məhsulları daşınıb. Bu, 2021-ci illə müqayisədə 23% artım deməkdir. Daşınmış neft məhsullarının 2,9 milyon tonu tranzit neft daşımalarının payına düşür. Azərbaycan dəmir yolu ilə həm ölkənin xam neft və neft məhsulları ixrac olunur, həm də tranzit neft daşımaları həyata keçirilir. 2022-ci ilin tranzit və ümumi neft daşımalarının 2021-ci ildən 2,6 milyon ton çox olduğunu nəzərə alsaq, dəmir yollarının neft və neft məhsullarını nəql etmə potensialı hazırkı neft daşımalarından daha çox olduğunu demək olar”.
R.Ağamirzəyev hesab edir ki, Azərbaycan üzərindən daşınan neft məhsullarının artmasının əsas səbəbi Orta Dəhlizdə (Trans-Xəzər Nəqliyyat Dəhlizi) aktivliyin artması ilə bağlıdır:
“Rusiya-Ukrayna müharibəsindən öncə, Qazaxıstan neftinin 80-90 %-i Rusiya üzərindən göndərilib. Həmin yüklər Xəzərin şimalı ilə keçirdi, Novorossiysk limanına gəlirdi. Ukrayna müharibəsi başlayandan bəri liman 3-4 dəfə bağlanıb.
Limanın bağlanması Qara dəniz sahilində İkinci Dünya müharibəsinə aid minaların aşkarlanması və ya boru kəmərində təmir işləri ilə əsaslandırılırdı. Nəzərə alsaq ki, Qazaxıstan iqtisadiyyatında neft daşınmaları önəmli paya malikdir, bu məsələ Qazaxıstanı ciddi narahat edir. Bu səbəbdən Qazaxıstan yüklərin daşınmasında marşrutların şaxələndirilməsinə qərar verib və hazırda həm Qərb, həm də Şərq istiqamətdə işlər görülür. Qərb istiqamətində Azərbaycan üzərindən daşımalar aparılır. Şərqə isə Çin üzərindən yüklərini göndərir. Azərbaycan üzərindən daşınan neft və neft məhsulları da əsasən Qazaxıstana aiddir”.
R.Ağamirzəyev deyib ki, Azərbaycanın neft və neft məhsullarının daşınması potensialı daha böyükdür, təqribən 14-20 milyon ton təşkil edir:
“Bizim daşımaların bütün növlərini həyata keçirmək üçün infrastrukturumuz mövcuddur. Tanker istehsal edən gəmiqayırma zavodumuz da var. Bakı Limanının infrastrukturu artan yük həcmlərini qəbul etməyə tam hazırdır. Terminalların genişləndirilməsi yönündə həm Qazaxıstan sahillərində, həm Azərbaycan sahillərində əlavə investisiyalar lazım olacaq. Bu da yenə də Qazaxıstan tərəfinin göndərəcəyi yüklərin həcmindən asılıdır. Buna əsasən Azərbaycan və Qazaxıstan genişləndirmə işləri apara bilər, Azərbaycanın buna marağı var”.
O deyib ki, bu il Qazaxıstan Azərbaycan üzərindən daşıdığı yüklərin həcmini artıracaq:
“Amma neft məhsullarından başqa, kömür, gübrə məhsulları da önəmlidir. Qazaxıstan uranın da artıq Azərbaycan üzərindən daşınması təşkil olunub. Bu onu göstərir ki, Orta Dəhlizin önəmi daha da artır. Nəzərə alsaq ki, şimal və cənub qonşularımız sanksiya altında olduğundan Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Balkanlar zolağı ciddi bir marağa səbəb olacaq və yükdaşımaları özünə tərəf çəkə biləcək. Amma bunun üzərində də iş görməliyik. Tək Azərbaycanın yox, bütün dəhliz ölkələrinin infrastrukturuna investisiya yatırılmalıdır, birgə iş görülməlidir ki, yük axınına uyğun dayanmadan hərəkət təmin edilsin”.
Gundelik-Baku.Org