Azərbaycan millisinin futzalçısı: “Kaş ki, pis oynayıb qələbə qazanardıq”

Azərbaycan millisinin futzalçısı: “Kaş ki, pis oynayıb qələbə qazanardıq”
“Kaş ki, pis oynayıb qələbə qazanardıq”.
Bunu futzal üzrə Azərbaycan millisinin üzvü Tofiq Mikayılov DÇ-2024-ün elit mərhələsində Niderlanda 0:3 hesab ilə məğlub olduqları səfər matçı ilə bağlı danışarkən deyib.
37 yaşlı oyunçu ötən gün keçirilən görüşdə bəxtlərinin gətirmədiyini düşünür: “Rumıniyaya qarşı gözəl oyundan sonra hamı Niderlanda qələbə üçün gəlmişdi. Sadəcə, bəxtimiz gətirmədi. Komandamız həm Rumıniya, həm də Niderlandla oyunu çox yaxşı keçirdi. Dünənki qarşılaşmada hədsiz çox qol imkanlarımız oldu, 5 dəfə top dirəkdən döndü. Rəqib matç ərzində cəmi 4-5 dəfə hücuma çıxdı, onun da üçündə qol vurdu. Niderlanddan qat-qat yaxşı idik. Ancaq top qapıdan keçmirdi. Buna görə hamımız təəssüflənirik”.
Heyətdə gənclərin çoxluq təşkil etdiyini bildirən təcrübəli futzalçı gələcəyə ümidlə baxır: “Baş məşqçi Vitali Borisov da çıxışımızdan razı qaldığını bildirdi. Heyətin 90 faizi yeni qurulub, gənclər çoxluq təşkil edir. Kollektivin tam formalaşması, uşaqların təcrübə toplamaları üçün turnirlərdə iştirak etməyimiz vacibdir. Bizi bütün matçlarda dəstəkləyən azarkeşlərə təşəkkürümüzü bildiririk. Əl-qolumuzu yanımıza salmırıq, gələcəyə ümidlə baxırıq. Bu komanda ilə yaxşı nəticələr qazana bilərik”.
Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi 4 xalla sonuncu yeri tutub. Qrup birincisi Qazaxıstan final mərhələsinə, ikinci yerin sahibi Niderland isə pley-offa vəsiqə qazanıb.
Gundelik-Baku.Org