Azərbaycan şahmatçıları Almaniyanı məğlub etdi

Azərbaycan şahmatçıları Almaniyanı məğlub etdi
Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında V turun oyunları keçirilib.

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi hesabat turunda Monteneqronu məğlub edib. Bu tur Azərbaycan millisində Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıb. Nicat Abasovla Vasif Durarbəyli qələbə qazanıb. Yekunda milli 3-1 hesablı qələbəni aktivinə yazdırıb.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Almaniya ilə üz-üzə gəlib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Gülnar Məmmədova turu heç-heçə ilə başa vurub. Birinci lövhədə Günay Məmmədzadənin Elizabet Petsi məğlub etməsi Azərbaycan komandasına 2,5-1,5 hesabı ilə qələbə qazandırıb.

V turdan sonra kişilərdən ibarət Azərbaycan komandası 6 xalla 9-cu yerdədir. Hərəyə 9 xalı olan Azərbaycan və Fransanın qadın şahmatçılardan ibarət komandası turnir cədvəlinə başçılıq edir.

Bu gün Avropa çempionatında istirahət günüdür. Noyabrın 17-də keçiriləcək VI turda kişilərdən ibarət Azərbaycan komandası Yunanıstan, qadın şahmatçılar isə Bolqarıstanla mübarizə aparacaq.
Gundelik-Baku.Org