Britaniya əsginaslarında II Elizabetin təsviri əvəzlənir

Britaniya əsginaslarında II Elizabetin təsviri əvəzlənir
İngiltərə Bankı Böyük Britaniya Kralı III Çarlzın şəklinin əks olunduğu əsginas dizaynını təqdim edib. Bankın saytında yerləşdirilən açıqlamaya görə, kralın portreti 5, 10, 20 və 50 funt sterlinqlik polimer əsginaslarda əks olunacaq.
Bu barədə İngiltərə Bankının saytında xəbər verilib.
Monarxın profili əsginasların ön hissəsində, eləcə də Biq Ben qülləsinin şəklinin yanında şəffaf qoruyucu pəncərədə kameo (oyma - red.) şəklində təsvir olunacaq, dizaynda başqa heç bir dəyişiklik olmayacaq. Arxa tərəf də eyni qalacaq.
Kralın təsviri olan əsginasların 2024-cü ilin ortalarında dövriyyəyə buraxılması gözlənilir. Eyni zamanda, onlar yalnız köhnəlmişləri əvəz etmək üçün və tələbatın artması halında çap olunacaq.
Kral III Çarlzın və mərhum kraliça II Elizabetin təsvirləri olan sikkələr və əsginaslar Böyük Britaniyada, həmçinin Britaniya monarxının rəsmi olaraq dövlət başçısı olaraq qaldığı digər ölkələrdə birgə dövriyyəyə buraxılacaq.
İngiltərə Bankının məlumatına görə, üzərində II Elizabetin portreti olan əsginaslar köhnələnə və ya zədələnənə qədər qanuni ödəniş vasitəsi olaraq qalacaq. Bu qərar monarxın dəyişməsinin ekoloji və maliyyə nəticələrini minimuma endirmək üçün kral ailəsinin iradəsinə uyğun olaraq qəbul edilib.
Xatırladaq ki, sentyabrın sonlarında Böyük Britaniyada yeni funt sterlinq əsginaslarının ilin sonunadək təqdim olunacağı xəbər verilmişdi, həmçinin üzərində Kral III Çarlzın təsviri olan ilk sikkələr təqdim edilmişdi.

Gundelik-Baku.Org