Elektromobil bazarı Çindən asılı vəziyyətə düşəcək: Bu məhsula görə

Elektromobil bazarı Çindən asılı vəziyyətə düşəcək: Bu məhsula görə
Dünya elektrikli avtomobil bazarı yaxın onillikdə Çində elektromobil istehsalının artması səbəbindən qrafit çatışmazlığı ilə üzləşə bilər. 

Bu barədə Avstraliyanın “Syrah Resources” şirkətinin baş direktoru Şon Verner “Financial Times”a bildirib.

“Syrah Resources” Çindən kənarda dünyanın ən böyük təbii qrafit istehsalçısıdır və “Tesla”nın təchizatçısıdır. 

Vernerin fikrincə, əsas problem qrafit bazarında qiymətlərin şəffaf olmaması və məhsulların əsas hissəsinin ikitərəfli razılaşmalarla satılmasıdır.

“Financial Times” Beynəlxalq Enerji Agentliyinin məlumatlarına istinadən yazır ki, Çin qrafitin 65%-ni istehsal edir və 85%-ni emal edir. Dünyanın ən böyük anod materialları istehsalçılarından altısı Çin şirkətləridir.

Qəzet yazır ki, Çinin bazarı tənzimləmə qaydası qrafit təminatına və qiymətinə güclü təsir edir:
 
“Çində qrafit bazarında təchizat müqavilələri istehsalçılar və alıcılar arasında uzunmüddətli müqavilələr vasitəsilə ikitərəfli qaydada bağlanır. Bu cür müqavilələrdə isə əsas üstünlük Çin şirkətlərinə verilir. Qrafitin kiçik həcmləri birjalarda satılır ki, bu da qiymətlərin şəffaflığını məhdudlaşdırır”. 

Qeyd edək ki, elektriklə işləyən avtomobillərdə batareyaların istehsalında qrafitdən istifadə olunur. Qəzet yazır ki, elektrik avtomobillərinə marağın nəzərəçarpacaq dərəcədə artması ilə bu materiala tələbat növbəti dörd ildə üç dəfə arta bilər:
 
“Qrafitin qiyməti ötən illə müqayisədə artıq 33 faiz artıraraq 740 dollara çatıb”.
Gundelik-Baku.Org