Rəssamlığı Pikasso ilə qalmaqallı münasibətinə görə kölgədə qalan qadın dünyadan köçdü

Rəssamlığı Pikasso ilə qalmaqallı münasibətinə görə kölgədə qalan qadın dünyadan köçdü
Tanınmış rəssam Fransuaza Jilo Manhettendə (ABŞ) xəstəxanada vəfat edib.
Sənətkarlığı məşhur rəssam Pablo Pikasso ilə uzun və keşməkeşli romantik münasibəti səbəbindən kölgədə qalan Jilonun ölümünü qızı Aureliya Engel təsdiqləyib. Onun sözlərinə görə, 101 yaşlı anası ömrünün son günlərində ürək və ağciyər xəstəliklərindən əziyyət çəkib.
Fransuaza Jilo 1921-ci ildə Parisdə (Fransa) anadan olub. Onun ilk sərgisi 1943-cü ildə işğal olunmuş Parisdə baş tutub. Sonra özündən 40 yaş böyük Pikasso ilə tanış olub. 1948-ci ildə cütlük bir yerdə yaşamağa qərar verib. Bu birlikdən onların iki övladı - Klod və Paloma dünyaya gəlib (Paloma hazırda Pikassonun ən məşhur varisidir - o, “Tiffany&Co” zərgərlik evinin dizayneridir).
Jilo və Pikasso 1953-cü ildə ayrılıblar. Qeyd edək ki, o, Pikassonun çoxsaylı məşuqələri arasında rəssamı tərk edən yeganə qadın olub.
Ayrıldıqdan sonra Jilo rəsm çəkməyə və əsərlərini sərgiləməyə, həmçinin kitablar yazmağa davam edib.
Jilonun Pikasso ilə daha bir qalmaqalı onun 1964-cü ildə Karlton Leyklə birgə yazdığı və dərhal beynəlxalq bestsellerə çevrilən “Pikasso ilə həyat” adlı memuarına görə olub. Kitab Pikassonu o qədər qəzəbləndirib ki, o, Jilo və iki övladı ilə bütün əlaqələri kəsib, keçmiş sevgilisini üç dəfə məhkəməyə verib (hamısında da uduzub). Kitab əsasında 1996-cı ildə “Fil dişi satıcısı” filmi çəkilib.
Bütün qalmaqallara baxmayaraq, Jilo Pikasso ilə ayrıldıqdan sonra həyatına davam edib: 1956-cı ildə həmkarı Lyuk Simonla ailə qurub. Cütlük 1962-ci ildə qarşılıqlı razılaşma əsasında boşanıb. 1970-ci ildə isə o, ilk poliomielit peyvəndini hazırlayan amerikalı virusoloq Conas Salkla evlənib.
Yeri gəlmişkən, 2021-ci ildə rəssamın qızının mavi tonlarda portreti olan “Paloma gitara ilə” (1965) və “Canlı meşə” əsərləri hərracda hər biri 1,3 milyon dollara satılıb.







Mənbə: MK.ru
Gundelik-Baku.Org