Bakıda “falçı“ “Instagram”da qadınlara qarşı dələduzluq etdi

Bakıda “falçı“ “Instagram”da qadınlara qarşı dələduzluq etdi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Nailə Məmmədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 2 il 8 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, Ağdam rayon sakini, 2001-ci il təvəllüdlü Nailə Məmmədova “instagram” sosial şəbəkəsində olan “Xanimlar” adı ilə qeydiyyata alınan səhifədə tanış olduğu zərərçəkmiş Günay Quliyevanın (şərti) etibarından sui-istifadə edərək ona vergi verildiyini, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsilə hər bir problemini həll edə biləcəyi barədə yalan məlumatlar verib.
O, qadının şəxsində və həmçinin yaşadığı mənzildə ağır neqativ enerjinin olduğu, gələcək işlərinin normal həll olunması üçün həmin neqativ enerjinin, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə Günayın bədənindən və yaşadığı mənzildən çıxaracağına söyləyib. Nailə bu yolla qadının ümumilikdə 2190 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, Nailə "instagram” sosial şəbəkəsində olan “tebii_energy_ritual” adı ilə qeydiyyata alınan səhifədə tanış olduğu zərərçəkmiş Nigar Əliyevadan (şərti) da eyni yolla 2570 manat pul alıb.
Daha sonra Nigar aldadıldığını başa düşüb və dələduzluq yolu ilə ələ keçirmiş olduğu pulunun qaytarılmasını tələb edib. Lakin o, zərərçəkmiş şəxsdən həmin pulu tələb etməsindən imtina etməsi üçün əvvəlcədən qadın tərəfindən ona göndərilmiş, özünün və ailə üzvlərinin şəkillərindən ibarət videomaterial hazırlayaraq Nigarın barəsində rüsvayedici məlumatları “tebil_energy_ritual” səhifəsində paylaşmaqla hədələyib.
Qadınların şikayəti əsasında saxlanılan Nailə Məmmədovanın barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Gundelik-Baku.Org