Qarabağda anti-terror əməliyyatı aktuallaşır: “Madam ki, imzalarını heçə sayırlar...”

Qarabağda anti-terror əməliyyatı aktuallaşır: “Madam ki, imzalarını heçə sayırlar...”
Deputat: “Ərazidən silah-sursat daşınır, casus şəbəkələri bu yoldan istədikləri kimi istifadə edir”
Partiya sədri: “Azərbaycanın anti-terror əməliyyatı keçirməsini mümkün sayıram”
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçilərinin Xankəndi-Laçın yolunda etiraz aksiyası davam edir. “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Yaşasın Azərbaycan!”, “Ekoloji terrora son”, “Mina terroruna son” şüarları ilə keçirilən aksiyanın iştirakçıların sayı sürətlə çoxalmaqdadır.
Qeyd edək ki, dekabrın 3-də və 7-də İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparılmasına əraziyə müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti tərəfindən maneçilik törədilib. Onlar heç bir əsas olmadan Bakıdan təşrif buyuran heyəti əraziyə buraxmayıblar.
Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutmağa davam edir. Düşmən yerində oturdulsa da, həm Ermənistanın, həm də xarici havadarlarının ölkəmizə qarşı təzyiqləri səngimək bilmir. Bu xüsusda Azərbaycanın anti-terror əməliyyatlarına başlayacağı ilə bağlı müzakirələr yenidən aktuallıq qazanıb. Milli Məclisin üzvləri, ictimai-siyasi xadimlər anti-terror əməliyyatlarının başlaması təşəbbüsü ilə çıxış edirlər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov AYNA-ya açıqlamasında deyib ki, Azərbaycan anti-terror əməliyyatına sövq edilir və hadisələrin bu şəkildə gedişatı bu əməliyyatı qaçılmaz edəcək: “Artıq 10 gündür ki, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, fəal gənclərimiz etiraz aksiyası keçirirlər. Aksiyada əsas məqsəd öz doğma torpaqlarımızda sərvətlərimizin talan edilməsi, ekoloji terror törədilməsi, müvafiq dairələrin monitorinq aparmasına imkan verilməməsidir. Hansı ki, 10 noyabr üçtərəfli bəyanatının əsas tələblərindən biri erməni silahlı birləşmələrinin ərazidən çıxarılması ilə bağlıdır”.
“Rusiya sülhməramlı kontingenti əraziyə yerləşdirilib, amma erməni silahlı birləşmələri hələ də ərazidədir. Əgər bu bəyanat icra edilmirsə və icra edilməsindən boyun qaçırılırsa, o zaman həmin bəyanat da öz hüquqi qiymətini itirmiş olur. Bu halda Azərbaycanın anti-terror əməliyyatı keçirməsi, düşmənə dərs verməsi qarşısıalınmaz olacaq”, - deyə həmsöhbətimiz bildirib.
Deputatın sözlərinə görə, Rusiya sülhməramlı kontingenti üzərinə götürdüyü öhdəliklərə əməl etmir: “Məlum olur ki, Kələbəcərdə soydaşlarımızın şəhid olması və yaralanmalarına səbəb olan minalar 2021-2022-ci il istehsalıdır. İkinci Qarabağ müharibəsi bundan iki il qabaq bitib. Həmin ərazilərə Rusiya sülhməramlıları nəzarət etməlidir. Onlar bununla bağlı üzərinə öhdəlik götürüblər. Lakin onların nəzarət etdiyi dövrdə əraziyə minalar basıdırlıb, soydaşlarımız şəhid olur, sağlamlıqlarını itirirlər. Məhz elə bu səbəbdən də etiraz aksiyasının şüar və tələbləri dəyişir. Bu gün etirazçıların toplaşdığı ərazilərdən qanunsuz silah-sursat daşınması üçün istifadə olunur. Casus şəbəkələri də bu yoldan istədikləri kimi istifadə edir. İranın cəsus şəbəkəsinin məhz bu yoldan istifadəsi də faktlarla öz təsdiqini tapıb. Bütün bunlara son qoyulmalıdır. Əks halda Azərbaycan buna səbr etməyəcək və “dəmir yumruq” yenidən başlarına dəyəcək”.

Aydınlar Partiyasının sədri, keçmiş deputat Qulamhüseyn Əlibəyli mövzuya dair AYNA-ya şərhində söyləyib ki, Ermənistanın təxribatçı hərəkətləri səbəbindən danışıqlar prosesi dayanıb: “Elə bu səbəbdən də nə sülh sazişi üzərində razılaşma baş verir, nə də Zəngəzur dəhlizi açılır. Qarabağla bağlı danışıqlar ümumiyyətlə müzakirə predmeti deyil. Görünən odur ki, nə Rusiya, nə də Qərb dairələri sülh sazişinin imzalanmasında maraqlıdır. Rusiya bunu ona görə istəmir ki, bu halda sülhməramlı kontingentinin yaxın üç il ərzində ərazidən çıxarılması məsələsi gündəmə gələcək. Habelə bu müqavilə səbəbindən hər iki ölkəyə təsir imkanlarını itirəcək. Bu, heç şübhəsiz, imperalist Rusiya hakim dairələri üçün arzuolunan deyil”.
“Qərb isə konkret olaraq Ermənistanın siyasi rəhbərliyini, Paşinyan rejimini müdafiə edir. Onlar da istəmirlər ki, Azərbaycanın timsalında regionda yeni güclü ölkə formalaşsın. Xüsusən Türkiyə ilə münasibətlər prosesində buna mane olmağa çalışırlar”, - deyə müsahibimiz vurğulayıb.
Partiya sədri qeyd edib ki, Azərbaycan torpaqlarında ekoloji terrora yol verilsə də, dünya birliyi buna göz yumur: “Ərazilərimiz talan olunur, sərvətlərimiz qanunsuz olaraq daşınır, casus şəbəkələri bizim ərazilərimizdən istifadə edir. Rusiya sülhməramlı kontingenti buna şərait yaradır, beynəlxalq güclər isə 30 il işğal dövründə olduğu kimi, yenə də susur. Məhz elə bu səbəbdən də azərbaycanlı fəallar ərazidə etiraz aksiyası keçirirlər. Onların haqlı tələbələrinə qiymət vermək əvəzinə, yenə də bizi ittiham edirlər. Təbii ki, biz bu kimi hallara sonsuza qədər dözmək niyyətində deyilik. Azərbaycan Rusiya və Ermənistanla hesablaşmadan öz əraziləri üzərində suverenliyini bərpa etməlidir. Mən hərbi qarşıdurmanı deyil, Azərbaycanın anti-terror əməliyyatı keçirməsini mümkün sayıram”. 
Gundelik-Baku.Org