Bu, Şuşanın azad olunması qədər əhəmiyyətli bir addım idi...

Bu, Şuşanın azad olunması qədər əhəmiyyətli bir addım idi...
“Şuşanın alınması bizim üçün hansı böyük məna və əhəmiyyət kəsb edirdisə, Laçın yolundakı nəzarət-buraxılış məntəqəsinin aprelin 23-də açılması da təxminən eyni gücə malikdir”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Millət vəkili Azərbaycan dövlət maraqlarının müdafiəsi fonunda Laçın sərhəd-keçid məntəqəsinin humanitar məqsədlər xaric digər məqsədlər üçün bağlanılmasının səbəblərini, habelə bu yolun Azərbaycanın təhlükəsizliyi üçün daşıdığı önəmi izah edib.
E. Nəsirovun fikrincə, Şuşanın alınması ilə biz tarixi zəfərimizə imza atdıq və Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdik:
“Ancaq bundan keçən müddət ərzində Ermənistan yenidən revanşizm içərisində çabalayırdı və Azərbaycana qarşı revanşizm hərəkətlərini həyata keçirmək eşqi ilə yaşayırdı. Bunu həyata keçirmək üçün isə Laçın yolu unikal imkan verirdi. Həmin yolla son 2 il yarım ərzində canlı qüvvə, silah-sursat, hərbi texnika və minaların daşınması prosesi həyata keçirilib. Əgər bütün bu canlı qüvvə, silah-sursat, minalar və hərbi texnikalar daşınırsa, deməli, onun bir gün tətbiqi olacaq və yenidən əməliyyatlarla yanaşı, müharibə də başlaya bilər.
Laçın yolundakı nəzarət-buraxılış məntəqəsinin fəaliyyət göstərməsi isə Ermənistan çirkin planları və niyyətlərinin üzərindən xətt çəkdi və Azərbaycana qarşı çox ciddi təhdid mənbəyinin yenidən formalaşmasını imkanlarını minimuma endirdi. Bunlar bizim üçün strateji əhəmiyyətli bir hadisədir deyə, mən bunu Şuşanın alınması qədər böyük bir hadisə kimi dəyərləndirməyin tərəfdarıyam”.
Deputat bildirib ki, buna baxmayaraq, Ermənistanda revanşizm hissləri yenə də alovlanmaqdadır:

“İrəvan tərəfindən Azərbaycana qarşı həm diplomatik, həm də hərbi müstəvidə təxribatlar intensivləşməkdədir. BMT Təhlükəsizlik Şurasının kürsüsündə məğlubiyyətə düçar olan Ermənistanın siyasi-hərbi rəhbərliyi indi də hərbi müstəvidə istəyirlər ki, at oynatsınlar. Lakin düşünürəm ki, onlar odla oynayırlar, çünki belə bir niyyətə düşmək odla oynamaq deməkdir və bu od onların özlərini yandıracaq”.
“Azərbaycan son dərəcədə güclü dövlətdir və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin dediyi kimi, “3 il bundan öncə Azərbaycan ordusu tarixi zəfərə imza atdı. Həmin ordu bu günləri daha da güclüdür”. Bu gün ordumuz daha da güclənib və Azərbaycana qarşı hərbi təzyiq yolunu, habelə konfrontasiya mühitini seçmək, əslində, Ermənistanın özü üçün siyasi intihar olar”, – o, əlavə edib.
Gundelik-Baku.Org