Nazirlər Laçın yolu ətrafındakı vəziyyəti müzakirə etdilər

Nazirlər Laçın yolu ətrafındakı vəziyyəti müzakirə etdilər
"Fransa xarici işlər naziri ilə görüşdə Laçın yolu ətrafındakı vəziyyət müzakirə olundu. Mən xanım nazirə üçtərəfli bəyanatdan sonra Laçın yolunda olan vəziyyət, Ermənistan tərəfindən qanunsuz silahların daşınması, üçüncü ölkə vətəndaşların, o cümlədən terrorçuların qanunsuz olaraq əraziyə gəlməsi, Azərbaycan ərazilərinin təbii sərvətlərinin talan edilməsi və Laçın yolu ilə daşınması barədə məlumat verdim".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, xüsusilə həmkarına Ermənistan tərəfindən Laçın yolu ilə minaların daşınması və Azərbaycan ərazilərində basdırılması barədə məlumat verib.
"Üçtərəfli bəyanat imzalanandan sonra 294 Azərbaycan vətəndaşı mina qurbanı olub. Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, Ermənistan tərəfi tələblərə əməl etməyib. Azərbaycan Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasını təklif etmişdi. Lakin Ermənistan buna da etiraz etmişdi. Azərbaycan vəziyyəti şəffaflaşdırmaq üçün Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması qərarını verdi. Laçın yolu bundan sonra da açıqdır və açıq olacaq", - nazir əlavə edib.
Gundelik-Baku.Org