Pensiya ilə bağlı yenilik: heç bir sənədə ehtiyac olmayacaq - Deputat açıqladı

Pensiya ilə bağlı yenilik: heç bir sənədə ehtiyac olmayacaq - Deputat açıqladı
“Pensiyaya çıxan və sosial müavinətə müraciət edən zaman daha heç bir sənəd təqdim etməyə ehtiyac olmayacaq. “Əmək Pensiyaları”, “Sosial Müvaniətlər” və “Sosial Xidmət” haqqında qanunlara Milli Məclisin Plenar İclasında birinci oxunuşda dəyişikliklər qəbul olundu”.
Bunu iqtisadçı-ekspert, Milli Məclisin deputatı Vüqar Mirzəyev sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
“Plenar iclasda təqdim etdiyim qanun layihələrində nəzərdə tutulan dəyişikliklərə əsasən vətəndaşlarımız pensiyaya çıxan və ya müavinət almaq istəyən zaman heç bir sənəd təqdim etməyəcəklər. Lazım olan bütün sənədlər və məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsi ilə məsul dövlət qurumunun özü tərəfindən əldə ediləcək. Əgər hər hansı sənəd elektronlaşdırılmayıbsa, o zaman vətəndaşın razılığı ilə dövlət qurumu özü digər quruma sorğu göndərib onu əldə edəcək.
Məsələn, əgər vətəndaşın pensiya yaşı tamam olubsa və o pensiyaya müraciət edibsə, o zaman həmin şəxsdən heç bir sənəd tələb edilməyəcək. Hətta hansısa sənəd, məsələn, arxiv ilə bağlı hər hansı məlumat elektronlaşmayıbsa, o zaman Dövlət Sosial Müdafiə Fondu özü sorğu göndərib həmin informasiyanı əldə edəcək.
Bu dəyişikliklər şəffaflığın gücləndirilməsi və hesabatlılığın artırılması baxımdan əhəmiyyətlidir. Praktik olaraq, son dəyişikliklər ilə əksər xidmətlərə müraciət elektronlaşır və məmur-vətəndaş birbaşa ünsiyyəti minimumlaşdırılır. Nəticədə, xidmətlərə müraciətlər üzrə elektron model daha da güclənir”, - deputat bildirib.
Gundelik-Baku.Org