Azərbaycan nümayəndə heyəti İsraildə - FOTOLAR

Azərbaycan nümayəndə heyəti İsraildə - FOTOLAR
İsraildə ilk dəfə olaraq “Agrİsrail 2022- Dəniz və səhrada qida yetişdirilməsi” mövzusunda beynəlxalq sammit keçirilib.
Sammitdə dünyanın müxtəlif ölkələrinin kənd təsərrüfatı nazirliklərinin rəhbər şəxsləri, aqrar sahə üzrə ixtisaslaşmış şirkətləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən ekspert və mütəxəssislər iştirak edib. Tədbirdə Azərbaycanı kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov təmsil edib. 
Tədbiri giriş sözü ilə açan İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer dünyada baş verən iqlim dəyişiklikləri fonunda ərzaq təhlükəsizliyinin təmini və qidaya olan tələbatın ödənilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Tədbir iştirakçıları aqrar sahədə elmi yeniliklər, innovasiya və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
“Ərzaq təhlükəsizliyi və iqlim dəyişiklikləri” mövzusunda panel müzakirələrdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Azərbaycanda torpaq və su resurslarından düzgün və səmərəli istifadə, yeni suvarma texnologiyalarının geniş tətbiqi ilə bağlı dövlət dəstəyi tədbirləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, hazırda Azərbaycan hökuməti ölkənin kənd təsərrüfatı sektorunun rəqəmsallaşmasına xüsusi diqqət yetirir. Qlobal iqlim dəyişikliyinin ətraf mühitə mənfi təsirlərinin azaldılması istiqamətində strateji təşəbbüslərə qoşulan Azərbaycan beynəlxalq platformalarda da effektli əməkdaşlığı dəstəkləyir və istənilən səmərəli tərəfdaşlığa açıqdır. 
Sammitdə ərzaq təhlükəsizliyinin və yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması ilə davamlı inkişafın təmin edilməsi, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, keyfiyyətli qida istehsalı zəncirinin qurulması, bu istiqamətlərdə qlobal əməkdaşlığın əhəmiyyəti əsas müzakirə mövzularından olub. Torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması, torpaq çirklənməsinin qarşısının alınması, su resurslarından səmərəli istifadə istiqamətində  müzakirələrdə mütəxəssislər öz fikirlərini bölüşüblər. Panel sessiyada mövzu ətrafında fikir mübadiləsi aparılıb, mütəxəssislər iştirakçıların suallarını cavablandırıblar.
Tədbir çərçivəsində Sarvan Cəfərov kənd təsərrüfatı sahəsində İsraildə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, onların cəlb olunduğu təcrübə proqramının gedişi ilə maraqlanıb.
Nazir müavini səfər çərçivəsində Moldovanın kənd təsərrüfatı və qida sənayesi naziri Vladimir Bolea, İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forerlə  görüşüb. Görüşlərdə kənd təsərrüfatı sahəsində rəqəmsallaşma, innovativ texnologiya və həllərin tətbiqi, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, bu istiqamətlərdə təcrübə mübadiləsinin aparılmasının vacibliyi barədə geniş müzakirələr aparılıb. Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar. 
Gundelik-Baku.Org