Azərbaycanın qəti mövqeyi: Rusiya da öhdəliklərini yerinə yetirməlidir

Azərbaycanın qəti mövqeyi: Rusiya da öhdəliklərini yerinə yetirməlidir
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Prezident 2023-cü ilin Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin normallaşmasında irəliləyiş ili olacağına ümidvar olduğunu deyib:
“Hər halda biz buna ümid edirik. Bu prosesdə fəal iştiraka görə Rusiya hökumətinə və şəxsən sizə təşəkkürümü bildirmək istərdim. 
Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir.
Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub. 
Bu, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlərlə təsdiqlənib. Bu sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir. Hər halda biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik”.
Qeyd edək ki, Prezident İlham Əliyev sülh danışıqları ilə bağlı mövqeyini bir daha Rusiyanın diqqətinə çatdırıb.
Milli Məclisin deputatı Elman Nəsirov Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Azərbaycana budəfəki səfəri 2022-ci ilin 24 fevralında Azərbaycan ilə Rusiya arasında imzalanmış müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında Moskva Bəyannaməsinin birinci il dönümünə həsr olunub:

“Bu il ərzində münasibətləri müttəfiqlik və qarşılıqlı fəaliyyət səviyyəsinə qaldırılmış sənədin icrası ilə bağlı atılmış addımlar, görülmüş işlər, eləcə də qarşıda dayanan perspektivlər çox ciddi müzakirə predmeti olub.
Azərbaycan Prezidenti İlham Əliyev Sergey Lavrovu qəbul edərkən söylədi ki, Azərbaycan ilə Rusiyanın münasibətləri ənənəvi dostluq, qonşuluq və müttəfiqlik münasibətləridir. Biz bu münasibətlərin inkişaf etdirilməsində maraqlıyıq və bu siyasətə sadiqik. 
Prezident onu da qeyd etdi ki, bu görüş çərçivəsində ənənəvi inkişaf sahələri ilə yanaşı, hansı sahələrdə inkişafın zəif olduğu və hansı sahələrdə inkişafın daha çox artırılmasına diqqət edilməsi kimi məsələləri də müzakirə edirik. Bu gün bizim münasibətlərimiz siyasi dialoq, enerji təhlükəsizliyi, nəqliyyat sferasında və humanitar sahələrdə yüksək inkişaf dinamikasına malikdir”.
Millət vəkili vurğulayıb ki, biz münasibətlərimizin bu səviyyəsindən istifadə edib həm də regionda sülh və təhlükəsizliyin təminatı məsələlərinə xüsusi maraq göstəririk:
“Cənab Prezident vurğuladı ki, Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması istiqamətində biz bu ilə ümid bəsləyirik. O, qeyd etdi ki, bu irəliləyişin təminatında Rusiyanın dəstəyi var və bunu yüksək qiymətləndiririk.
Cənab Prezident dedi ki, Rusiyanın vasitəçiliyi ilə imzalanmış sənədlər 10 noyabr 2020, 11 yanvar 2021, 28 noyabr 2021 və 31 oktyabr 2022-ci ildə imzalanan sənədlərin hamısı ikitərəfli münasibətlərin normallaşdırılması üçün çox mühüm hüquqi normativ baza təşkil edir.
Bu prosesdə Rusiyanın dəstəyini və köməkliyini yüksək qiymətləndiririk. Biz bu il ərzində birgə səylər sayəsində məhz nizamnamə prosesində ciddi irəliləyişlər gözləyirik. Cənab Prezident bir daha bu prosesdə Rusiyanın yeri və rolu məsələsinə xüsusi diqqət ayırdı”. 
Gundelik-Baku.Org