Zəngəzur Dəhlizinin reallaşması tarixi zərurətdir - İlham Əliyev

Zəngəzur Dəhlizinin reallaşması tarixi zərurətdir - İlham Əliyev
Nəqliyyat sahəsində bu günə qədər görülən işlər çox güclü zəmin yaradıb. Artıq görülən və bundan sonra görüləcək işlər, əlbəttə ki, bizim mövqeyimizi daha da gücləndirəcək. Çünki adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib.
Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
“Bizim infrastrukturumuz - dəmir yolları, hava limanları, Ələt Beynəlxalq Dəniz Limanı və digər nəqliyyat infrastrukturu, Xəzərdə ən böyük donanma və eyni zamanda, bizim donanmamız Qara dənizdə də işləyir. Mənim göstərişimlə bizim Qara dənizdəki donanmamızda gəmilərin sayı artırılacaq. Yəni, çox böyük nəqliyyat bazarında Azərbaycan ciddi aktora çevrilib”, - deyə dövlət başçısı qeyd edib.
Azərbaycan Prezidenti vurğulayıb ki, Zəngəzur Dəhlizinin reallaşması tarixi zərurətdir: “Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni, bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun”.
Gundelik-Baku.Org