Qarabağ Qazisi ÖZÜNƏ İŞ TAPA BİLMİR - NARAZILIQ VAR!

Qarabağ Qazisi ÖZÜNƏ İŞ TAPA BİLMİR - NARAZILIQ VAR!
Elxan Bayramovun 23 yaşı var. “Gözətçi”yə danışır ki, hələ İkinci Qarabağ müharibəsində iştirak etməmişdən əvvəl özünəməşğulluq proqramına qoşulmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin Goranboy rayon şöbəsinə müraciət edib. Ancaq deyir ki, üç il keçməsinə baxmayaraq növbəsi hələ də yetişməyib.

“2020-ci ilin mart ayında rayonun Məşğulluq Mərkəzinə müraciət etdim. Sentyabr ayına kimi müraciətimə cavab gəlmədi. Daha sonra İkinci Qarabağ müharibəsi başladı və mən döyüşə yollandım. 2021-ci ilin sentyabr ayında müharibədən qayıtdıqdan sonra Məşğulluq Mərkəzinə yaxınlaşdım. Ancaq məlum oldu ki, ilk müraciətimdə məni heç qeydiyyata salmayıblar və bu dəfə qeydiyyata salındım”.

Elxan Bayramovun sözlərinə görə, dəfələrlə müraciəti ilə bağlı mərkəzə yaxınlaşıb məlumat almaq istədikdə, hər dəfə siyahıda çox adam olduğunu bildirərək növbəsinin çatmadığını bildiriblər.

“Gördüm ki, məndən sonra qeydiyyata düşənlər heyvanla təmin olunub, amma mənə hələ növbə çatmayıb. Getdim müraciət etdim ki, əgər mənə heyvan verilmirsə, avtomobil yuma aparatı ilə təmin edilim. Bu dəfə də dedilər ki, aparatın nə zaman gələcəyini bilmirik. Bir sözlə, məni hər dəfə yola verirlər”.
“Gözətçi”
Gundelik-Baku.Org