Məmurlar üçün etik davranış “revizoru” gəlir

Məmurlar üçün etik davranış “revizoru” gəlir
Deputat: “Ölkəmizdə ilk dəfə məmurların etik davranış qaydaları ilə bağlı müvəkkil olacaq”
Milli Məclisin 23 dekabr iclasında “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanuna dəyişiklik ilk oxunuşdan keçib. Əsas yenilik təklifi dövlət orqanlarında etik davranış üzrə müvəkkil təyin edilməsidir. “Yeni Müsavat”ın parlament müxbiri xəbər verir ki, layihəyə əsasən, rəhbər vəzifələr üzrə 3 ildən az olmamaqla, 5 ildən çox dövlət qulluğunda inzibati vəzifələrdə qulluq keçən və yüksək mənəvi keyfiyyətlərə malik şəxslər etik davranış üzrə müvəkkil ola bilərlər.
Təklifə görə, etik müvəkkil qanunla müəyyən edilmiş etik davranış qaydalarına əməl olunması vəziyyətini öyrənir, etik davranış qaydalarının pozulmasına şərait yaradan halları təhlil edir və onların aradan qaldırılması ilə bağlı dövlət orqanının rəhbərinə təkliflər və tövsiyələr verir; dövlət qulluqçularından və digər şəxslərdən etik davranış qaydalarının pozulması ilə bağlı daxil olan müraciətlərə baxır; daxil olan müraciətlərdən irəli gələn məsələlərin həlli üzrə dövlət orqanının rəhbərinə təkliflər, tövsiyələr və təqdimatlar verir; dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı maarifləndirilməsi üçün tədbirlər görür, o cümlədən etik davranış qaydalarının tətbiqi ilə bağlı təlim proqramlarını hazırlayır və təlimlərin təşkilində iştirak edir; etik davranış qaydalarının pozulmasının qarşısının alınması istiqamətində profilaktik tədbirlər görür, etik davranış qaydalarının pozulması faktları üzrə dövlət orqanının rəhbərinə məlumat verir; dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər verir.
Qanunvericiliyə edilən bu dəyişiklik nələri özündə ehtiva edir? Son dövrlər bəzi məmurlarla bağlı sosial şəbəkələrdə yayılan əxlaqdan uzaq, qeyri-etik hərəkətlər ictimaiyyət arasında müzakirələrə səbəb olub. Bunun nəticəsidir ki, artıq dövlət qulluqçusu, dövlət məmuru imici gözdən düşüb desək, yanılmarıq. Görəsən, qanuna edilən dəyişikliklərdə bütün bu nüanslar nəzərə alınıbmı?
Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos
 Tural Abbaslı
Mövzu ilə bağlı AĞ Partiyanın başqanı Tural Abbaslı “Yeni Müsavat”a dedi ki, etik davranışlar çox əhatəli mövzudur: “Bura vəzifə səlahiyyətlərini aşma da daxil olur. Yaxud da gündəlik məişət həyatında insanların davranışları da daxil olur. Belə qaydalar mütləq olmalıdır. Misal üçün, qonşu Türkiyədə, Rusiyada, Avropada olan normativ qaydalar Azərbaycanda başqa cür qəbul oluna bilər. Burada cəmiyyətin qəbul etmədiyi əməllərdən söhbət gedə bilən əməllər nəzərdə tutulmalıdır. Xatırlayırsınızsa, Gənclər və idman nazirinin müavininin rəqsi çıxmışdı, bu bəlkə də Avropada, Amerikada normal qarşılanardı. Amma Azərbaycan cəmiyyətində nə qədər ajiotaj doğurdu. Hakimiyyət nümayəndələrinin əxlaqsızlıq kimi dəyərləndirə biləcəyimiz hərəkətləri sosial mediada insanların reaksiyası ilə üz-üzə qalır. Bunların hamısı qanunda təsbit olunmalıdır. Bir çox hallarda bu hallar qanunda təsbit olunmadan siyasi iradə ilə təsbit olunur. Misal üçün, Hüseynbala Mirələmovun qeyri-etik davranışları var idi, onun partiyadan uzaqlaşdırılması və digər məsələlər nə ilə əsaslandırıldı? Bunların hamısı qanunvericilikdə nəzərə alınmalıdır”.
Fayl:Elman Nəsirov.jpg — Vikipediya
Elman Nəsirov 
Milli Məclisin deputatı Elman Nəsirov mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən dedi ki, burada söhbət dövlət orqanlarında çalışan məmurların etik-davranış qaydalarının təkmilləşdirilməsinə, bu sahədə müvafiq boşluqların aradan qaldırılması mənafeyinə xidmət edən bir qanuna düzəlişdən gedir: "Dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi sahəsində müəyyən maarifləndirmə işlərinin aparılması istiqamətində məsul bir şəxsin olmasına ehtiyac var.  Bu nöqteyi-nəzərdən də etik davranış üzrə müvəkkil institutu təyin edilir. İndiyə qədər bizim dövlət qulluğu sistemində belə bir institut olmayıb. İlk dəfə tətbiq edilir. Bu, dövlət qulluqçularının məsuliyyətinin daha da artırılmasına xidmət göstərən bir addımdır. Kim müvəkkil ola bilər? Qanunda yazılıb ki, rəhbər vəzifəlilər üçün 3 ildən az olmamaq şərti var. Beş ildən çox dövlət qulluğunda inzibati vəzifələrdə qulluq keçən insanlar irəli çəkilə bilər. Bu zaman əsas meyarlardan biri həmin o müvəkkilin özünün yüksək mənəvi keyfiyyətlərə malik şəxs olması ilə bağlıdır. Bir nümunəvi şəxs olmalıdır ki, bu vəzifə üçün irəli çəkilsin. Qanunda o da yazılıb ki, həmin müvəkkil etik qaydaların pozulmasına şərait yaradan halları üzə çıxarmalı, onları təhlil etməlidir. Həm də onların aradan qaldırılması üçün də müvafiq dövlət orqanları rəhbərlərinə təklif və tövsiyələr verməlidir. Burada əsas məsələ həm də preventiv, yəni önləyici addımların atılmasından gedir. Yəni burada elə bir mühit formalaşmalıdır ki, önləyici addım olsun. Heç həmin şərait yaranmasın".
Deputat əlavə edib ki, bu dəyişiklik sosial şəbəkələrdə son vaxtlar məmurlarla bağlı yayılan qeyri-etik hərəkətlərin də qarşısını alacaq: “Şübhəsiz ki, etik davranış qaydaları deyəndə burada əxlaq, mənəviyyat məsələləri öndə gəlir. Təyin olunacaq müvəkkilin özü yüksək mənəviyyata malik şəxs olmalıdır, bu əsas şərtdir. Məqsəd odur ki, dövlət məmurunun imici yüksəlsin. Bəli, son zamanlar bəzi neqativ bu istiqamətdə baş verdi. Sosial şəbəkələr bunu geniş işıqlandırdı. Bunlar dövlət qulluqçularının imicinə xələl gətirən hadisələrdir. Necə edək ki, bu cür hallar olmasın, üzə çıxmasın, dövlət məmuru ləyaqətlə xidmət etsin? Müvəkkilin vəzifəsi ictimai əsaslarla olan vəzifə olduğuna görə əmək haqqı ödənilmir. Amma hər halda, kifayət qədər nüfuzlu bir vəzifə olacaq. Müvəkkilin gözü məmurların üzərində olacaq. Əxlaq və davranış nöqteyi-nəzərindən bütün tələblər orada olacaq”.  
Hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb. O deyib ki, dövlət qulluqçularının etik-davranış qaydalarının təhlili aparılsa, bu, cəmiyyət üçün böyük fayda verə bilər: “Bu gün dövlət qulluqçularının, vəzifəli şəxslərin etik davranış qaydaları  o qədər də ürəkaçan deyil. Dövlət qulluqçularının etik-davranış qaydalarının təhlili aparılmalıdır. Vətəndaş dövlət qulluqçusu münasibətlərinin tənzimlənməsi dəyərləndirilməli və müvafiq instansiyalara təqdim olunmalıdır. Əgər qənaətbəxş hal yoxdursa, həmin şəxslərlə bağlı hər hansı intizam tədbiri görülməlidir”.
Gundelik-Baku.Org