Şagirdlərdən pul tələb edən müəllimə töhmət verildi - YENİLƏNİB

Şagirdlərdən pul tələb edən müəllimə töhmət verildi - YENİLƏNİB
Abşeron-Xızı Regional Təhsil İdarəsinə A.Müzəffərov adına Saray qəsəbə 2 nömrəli məktəbin ingilis dili müəllimi Şahgəldiyeva Gülnarə tərəfindən valideynlər qrupuna səs mesajı göndərərək “Müəllimlər günü” münasibəti ilə pul tələb etməsi barədə məlumat daxil olub.
Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Məsələ ilə bağlı araşdırma aparılıb, müəllimin izahatı alınıb. 
Araşdırmanın yekun nəticəsi olaraq bildiririk ki, A. Müzəffərov adına Saray 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi vəzifəsində çalışan Şahgəldiyeva Gülnarə Səməd qızı müəllimlərin etik davranış qaydalarını ciddi şəkildə pozmuş, valideynlərlə işgüzar münasibətlərə aid olmayan və müəllimə yaraşmayan ünsiyyət yaratmışdır. Müəllimlərin etik davranış qaydalarını və AR Əmək Məcəlləsinin 186.2 maddəsini nəzərə alaraq, məktəbin müəllimi Şahgəldiyeva Gülnarə Səməd qızına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
Murad İbrahimli
***
14:47
Azərbaycanda daha bir müəllimin səs yazısı yayılıb.
Sözügedən səsyazısını təhsil eksperti Elçin Əfəndi paylaşıb.
Paylaşımda qeyd edilib ki, səsyazısındakı şəxs Saray qəsəbəsi, 2 saylı məktəbin 7ç sinfinin müəllimidir. Belə ki, o, müəllimlər günü münasibəti ilə onu təbrik etməyən şagirdlərə və onların valideynlərinə müraciət edib: “Məni tək-tək gəlib sayıb, hörmət etdilər, siz də edə bilərdiniz”.


Gundelik-Baku.Org